XƏBƏRLƏR
355 Arxiv

2018.03.01

AMEA-nın Fiziologiya İnstitutunun yaranmasından 50 il ötür

Bu gün AMEA-nın Fiziologiya İnstitutunun yaranmasının 50 illiyi tamam olur. İnstitut 1968-ci il martın 1-də Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Fiziologiya sektorunun bazasında yaradılıb. Akademik Abdulla Qarayevin adını daşıyan bu elmi-tədqiqat müəssisəsi respublikada fiziologiya və tibbi-bioloji elmlərin inkişafına böyük töhfələr verib.

Fəaliyyətə başladığı gündən institutda aktual tibbi-bioloji problemlərin həllinə yönəldilmiş fundamental tədqiqatlarla yanaşı, respublikada xalq təsərrüfatının inkişafı üzrə qarşıya qoyulan tələblərə cavab verən və yerli resurslara söykənən tətbiqi xarakterli işlər aparılıb. Naftalan nefti və bir sıra müalicəvi suların insan orqanizminə təsirinin fizioloji və kliniki aspektlərinin öyrənilməsi üzrə aparılan araşdırmalar Azərbaycanın kurort və balneoloji resurslarının elmi əsaslarla istifadəsi və inkişafına təkan verib.

Müəssisədə akademik Zərifə Əliyevanın rəhbərlik etdiyi Göz xəstəliklərinin professional patologiyası laboratoriyasında peşə-göz xəstəlikləri müalicəsinin yeni üsulları kəşf edilib.

Fiziologiya İnstitutunun alim və mütəxəssisləri tərəfindən Azərbaycanın müxtəlif su hövzələrində və Xəzər dənizinin sahilyanı zonalarında balıqların ekoloji-fizioloji durumu öyrənilmiş, mühüm elmi-praktiki nəticələr əldə edilib.

2015-ci ildən başlayaraq institutda qocalmanın fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə kompleks tibbi-bioloji tədqiqatlar proqramı işlənib hazırlanıb. Hazırda bu multidissiplinar proqram Azərbaycan Tibb Universiteti,  Bakı Dövlət Universiteti, və AR Səhiyyə Nazirliyinin iştirakı ilə Rusiya TEA Herontologiya və Biotənzimləmə institutu, Ukrayna TEA Herontologiya İnstitutu və Qazaxstan Respublikası Prezidentinin İşlər idarəsi yanında Tibbi Mərkəzlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bu gün institutda fəaliyyət göstərən Qocalmanın biologiyası, Ekoloji fiziologiya və Neyrobiologiya kimi şöbələrdə “Qocalmanın molekulyar-genetik və fizioloji əsasları”, “Mühit faktorlarının canlı orqanizmə təsiri: fizioloji mexanizmləri və korreksiya yolları” və “Sinir proseslərinin plastiki xüsusiyyətlərinin neyrobioloji əsasları: adaptiv proseslərin tənzimlənməsində monoaminergik mexanizmlərin iştirakı” problemləri üzrə tədqiqatlar aparılır.

http://science.gov.az/news/open/7512