XƏBƏRLƏR
976 Arxiv

2024.02.26

ARETN Zoologiya İnstitutunun elmi işçisi xarici ezamiyyədə olub

ARETN Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Leyla Nadirli 12-22 fevral 2024-cü il tarixlərində REA Ural dairəsinin Yekaterinburq şəhəri Bitkilərin və heyvanların ekologiyası İnstitutunda xarici ezamiyyədə olub.

Ezamın məqsədi Azərbaycanın əsasən Böyük Qafqazdan və müqayisə üçün digər bölgələrindən əldə edilən çöl siçanları nümunələrinin molekulyar-genetik analizlərinin aparılması, həmçinin şəxsi toplanılan və Zoologiya İnstitutuna aid olan kolleksiya fondundan çöl siçanlarının kəllə və diş sümüklərinin müxtəlif metodlar vasitəsi ilə tədqiqinin öyrənilməsi idi. Elmi-tədqiqat işi “Filogenetika və Bioxronologiya” laboratoriyasında laboratoriya müdiri, b.e.d., dosent A.V.Borodinin rəhbərliyi ilə aparılıb.

Ezamiyyə müddətində çöl siçanları nümunələrindən mitoxondrial DNT-nin cytb geni üzrə yeni nukleotid ardıcıllıqları əldə edilib. Həmçinin, çöl siçanları növlərinin kəllə sümüklərinin yaşı, dişlərinin morfotipikası və ölçüləri təyin edilib, statistik hesablamalar aparılıb.

Əldə edilən nəticələrin yerli və xarici nəşrlərdə çap edilməsi planlaşdırılır.