XƏBƏRLƏR
846 Arxiv

2023.11.22

AMEA-nın müxbir üzvü İlham Ələkbərovun 75 yaşı tamam olur

Bu gün zoologiya elmi sahəsində tanınmış alim, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor İlham Ələkbərovun 75 yaşı tamam olur.

İlham Xəyyam oğlu Ələkbərov 1948-ci il noyabrın 20-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Biologiya fakültəsini, 1974-cü ildə Azərbaycan SSR EA Zoologiya İnstitutunun aspiranturasını bitirmişdir. 1977-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyalarını Sankt-Peterburq Dövlət Universitetində müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2009-cu ildə professor elmi adı almışdır.

İlham Ələkbərov 1972-1981-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, 1988-1989-cu illərdə Azərbaycan EA Zoologiya İnstitutunda böyük elmi işçi, 1989-2007-ci illərdə laboratoriya müdiri, 2007-2011-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, 2011-2016-cı illərdə direktoru vəzifələrində, 7 il “BP Azərbaycan” şirkətinin biomonitorinq və elmi tədqiqatlar qrupunda AMEA-nın təmsilçisi kimi çalışmışdır. 2016-cı ildən Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda Protozoologiya laboratoriyasının müdiridir.

https://science.gov.az/az/news/open/27105