XƏBƏRLƏR
170 Arxiv

2018.05.10

Kembric Universitetinin professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantlara mühazirə oxuyur

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu elm müəssisəsinin hesablama struktur biologiyası laboratoriyasının müdiri, Böyük Britaniyanın Kembric Universitetinin molekulyar biologiya laboratoriyasının kompüter kristalloqrafiyası qrupunun rəhbəri, professor Qərib Mürşüdov birinci kursda təhsil alan magistrantlara biologiyanın müasir problemləri və struktur biologiyasının üsulları ixtisas kursları üzrə mühazirələr oxumağa başlayıb.

Qeyd edək ki, Q.Mürşüdov elmi fəaliyyətinə akademik Cəlal Əliyevin rəhbərlik etdiyi məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyasında başlayıb və oradan SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutuna göndərilib.

Namizədlik dissertasiyasını böyük uğurla müdafiə etdikdən sonra Q.Mürşüdov Böyük Britaniyanın York Universitetindən dəvət alıb. O, 2001-ci ildə çox nüfuzlu “Wellcome Trust” fondunun 500.000 funt sterlinq həcmində böyük elmi tədqiqatçı qrantını qazanıb və York Universitetində özünün müstəqil qrupunu təşkil edib. 2011-ci ildə Böyük Britaniyanın Kembric şəhərindəki Tibbi Tədqiqatlar Şurasının molekulyar biologiya laboratoriyasında hesablama kristalloqrafiyası qrupunun rəhbəri vəzifəsinə dəvət olunub və hazırda bu vəzifədə çalışır.

Həmyerlimiz Yaponiya, Hindistan, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Cənubi Amerika daxil olmaqla, 20-dən çox ölkədə bioloji kristalloqrafiya və elektron mikroskopiyasını öyrətmək üçün kurslar və seminarlar təşkil edib.

Q.Mürşüdov 100-dən artıq elmi əsərin, o cümlədən “Nature”, “Science” jurnallarında çap olunan məqalələrin müəllifidir. Nəticələri 60-dan çox elmi konfransda təqdim edilib. Zülalların Məlumat Bankına daxil olan məlumatların 45 faizindən çoxu onun proqramları ilə analiz edilir. “Google Scholar”a görə onun elmi işlərinə 35.000-dən çox istinad olunub. Onun h-faktoru 47-dir.

2001-ci ildən Böyük Britaniya Kral Statistika cəmiyyətinin üzvü, Böyük Britaniyada fəaliyyət göstərən kristalloqrafiya üzrə kompüter proqramları hazırlayan və paylayan cəmiyyətin (CCP4) icraçılarından biridir.

Professor Q.Mürşüdov Azərbaycanda elmin inkişafına yaxından kömək etməyə çalışan həmvətənlərimizdəndir. 2009 və 2011-ci illərdə Bakıda Q.Mürşüdovun ümumşəhər elmi seminarları təşkil edilib və bir neçə qeyri-rəsmi seminarlar keçirilib.

O, 2010-cu ildə akademik Cəlal Əliyev ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olmuş beynəlxalq elmi layihənin həmrəhbəri olub.

2017-ci ildə Q.Mürşüdovun rəhbəri olduğu “Molekulyar quruluşların saflaşdırma və yoxlanılma metodları” mövzusunda elmi-tədqiqat proqramı AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilir və hazırda bu istiqamətdə ciddi tədqiqatlar aparılır.

Q.Mürşüdov Azərbaycanda da gənc tədqiqatçıların hazırlanmasına xüsusi diqqət yetirir. Hazırda o, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda üç fəlsəfə doktoru və 1 doktorluq dissertasiyasına rəhbərlik edir. Artıq üç ildir ki, institutun magistraturasında struktur biologiyasının üsulları ixtisas kursundan mühazirələr oxuyur.

http://science.gov.az/news/open/7950