XƏBƏRLƏR
250 Arxiv

2018.04.06

AMEA Elm TV-nin ərsəyə gətirdiyi sənədli film İctimai TV-də yayımlanacaq

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elm TV İnternet-televiziyası şöbəsinin müdiri Xatirə Cabbarzadənin rəhbərliyi ilə çəkiliş qrupu tərəfindən “Elmə həsr edilən ömür” adlı sənədli film ərsəyə gətirilib.

Ekran əsərində biologiya elminə töhfələr bəxş etmiş görkəmli alim, akademik Musa Musayevin şərəfli ömür yolundan və fəaliyyətindən bəhs olunur.

Filmdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun dəyərli fikirləri yer alıb.

Ekran əsərində, həmçinin akademik Musa Musayevin yarım əsrdən artıq rəhbərlik etdiyi AMEA-nın Zoologiya İnstitutunun kollektivinin və ailə üzvlərinin alimlə bağlı xatirələri səsləndirilir. Onun tədqiqatlarının ölkəmizdə yeni istiqamətlər müəyyənləşdirdiyi və zoologiya elmi üzrə bir sıra aktual problemlərin həllinə xidmət etdiyi bildirilir.

Filmdə görkəmli alimin yüksəksəviyyəli gənc kadrların hazırlanmasında əhəmiyyətli rolundan, yaratdığı elmi məktəbin yetirmələrinin bu gün də həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda uğurla fəaliyyət göstərməsindən söhbət açılır.  

“Elmə həsr edilən ömür” sənədli filmi 6 aprel 2018-ci il tarixində saat 16:20-də İctimai TV-də yayımlanacaq.

http://science.gov.az/news/open/7710