2017.05.17
İlanı da aldatmaq olarmış!
Hətta, ilanı, lap elə gürzənin özünü də «aldatmaq» olar! Amma, bunun üçün ilanın həyat tərzi və davranış instinktlərini, vərdişlərini dərindən bilmək gərəkdir.
1990-ci ilin erkən yay ayları idı. İlan zəhəri istehsal edən Serpentariyaya təhvil vermək üçün Azərbaycanın bir sıra aran və dağətəyi rayonları ərazisində gürzə ilanlarının qızğın ovu gedirdi. Mahir ilan ovçuları ovladıqları gürzələri xüsusi təlimat əsasında müntəzəm olaraq serpentariyaya göndərirdilər. Lakin, nədənsə, qocaman ilan ovçusu Xanəli kişidən xəbər çıxmırdı. Qarabağın aran hisəsindəki ərazilərdə - «Haramı düzündə» gürzə ovlamaq Xanəli kişiyə həvalə olunmuşdu. О zamanlar Xocavənd (keçmiş Martuni) rayonunun Əmralılar kəndində yaşayan Xanəli kişi öz övladları ilə birgə hər il serpentariyaya yüzlərlə gürzə ovlayıb təhvil verirdi. Xain ermənilərin Qarabağ savaşına rəvac verdikləri həyacanlı günlər idi. Güman edirdik ki, ərazidə vəziyyətin gərgin olması, yəqin ki, ilan ovlanmasını əngəlləyir. Amma, Xanəli kişi xəbər göndərdi ki, xeyr, ilan ovunda yaranmış çətinlik minik maşınının olmaması ilə bağlıdır və daha geniş ərazidə ov aparmaq üçün təcili nəqliyyat vasitəsi lazımdır. Xidməti maşınlara oturub köməkçimlə birgə Qarabağa, Xanəli kişigilə yollandım... 10 gün ərzində Xanəli kişi və onun oğlanları ilə (Cəmil adlı oğlu sonradan Qarabağ savaşında şəhid oldu) «Haramı düzündə» xeyli gəzdik və çoxlu gürzə ovladıq. Qarabağın bu gözəl və bərəkətli torpağında gəzərkən, hər gün nankor, «kirvə» hesab etdiyimiz xain ermənilərin kəndlərinə, tarlalarda sovet əsgərlərinin mühafizəsi altında işləyən erməni «zəhmətkeşlərinə» rast gəldikcə ovqatımız təlx olurdu.
Ov etdiyimiz günlərin birində, «Haramı düzündə» maşında dağətəyi yol ilə gedirdik. Səhər saat 10-11 radələri olardı, günəşin torpağı təzəcə qızdırdığı vaxt idi. Xanəli kişi xahiş etdi ki, maşını saxlayım, piyada gəzərək dağın gündüşən yamacına və təpəliyə baxmaq istəyir. Çünki belə vaxtlarda gürzələr, adətən, kaha və ya yuva kənarlarında uzanaraq özlərini günə verirlər. О, maşından düşdü, amma nədənsə, ov alətlərini, tutqacı, qıranı, torbanı özü ilə götürmədi. Bir xeyli yamacla irəliləyib, sonra dağın üstünə tərəf istiqamət aldı.Mən isə aşağıda, maşının yaxınlığındakı düzənlikdə idim. Amma, tez-tez Xanəli kişi tərəfə baxırdım ki, onu, hər ehtimala qarşı, nəzərimdə saxlaya bilim. Bir az keçməmiş uzaqdan Xanəli kişinin mənə əl ilə işarə etdiyini gördüm. Belə başa düşdüm ki, o, ilanı görüb, indi maşınla yuxarı qalxmağımı, ov alətlərini ona çatdırmağımı istəyir. Cəld maşına oturub dağın üstünə, həmin istiqamətə yollandım. Çatdıqda isə, Xanəli kişinin torpaq üstünə atılmış pencəyindən savayı heç nə görmədim.Özü isə, artıq, xeyli uzaqlaşmışdı. Başa düşdüm ki, Xanəli kişi pencəyini boş yerə atmayıb, deməli, gürzə pencəyin altındadır! Pencəyi qıra ilə qaldırdım, doğrudan da, iri bir gürzə özünə arxayın halda qıvrılıb yatmışdı! Tutqacla ehmalca gürzəni qaldırdım, o, xeyli fısıldayıb qıvrılsa da, artıq gec idi, kisəyə düşəndən sonra isə rahatlıq tapdı, sakitləşdi. Bəli, Xanəli kişi pencəyini gürzənin üstünə ataraq onu məharətlə aldatmışdı. Çünki, pencəyin altına, qaranlığa düşən gürzə, özünü artıq xilas olmuş, sığıncaqda gizlənmiş kimi hiss etmiş və hətta, Xanəli kişi uzaqlaşandan sonra da, uzun müddət pencəyin altından çıxmağa risk etməmişdir.
Beləcə, «Haramı düzündə» ilan ovu tədricən qaydasına düşdü. Biz, Xanəli kişinin ovladığı gürzələri də özümüzlə götürüb Bakıya qayıtdıq. Amma, ovun davam etdirilməsi üçün və həm də bəlai-ehtiyyat, UAZ maşınını Xanəli kişinin sərəncamında saxladıq.
Biologiya üzrə fəlsəfə doktoru,
Təvəkkül İsgəndərov