2026.08.03
Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşları Quba rayonunda elmi ekspedisiyada olublar
ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları 13–17 iyul 2026-cı il tarixlərində Quba inzibati rayonu ərazisində yerləşən şəxsi və fermer təsərrüfatlarında, eləcə də su hövzələrində elmi ekspedisiyada iştirak edərək helmintoloji tədqiqatlar aparıblar.
Ekspedisiyada laboratoriyanın böyük elmi işçiləri biologiya elmləri doktoru, dosent Reyhan İbrahimova və Yeganə Mahmudova, böyük elmi işçi biologiya üzrə fəlsəfə doktoru Elnura Aslanova, elmi işçi biologiya üzrə fəlsəfə doktoru Aynurə Namazova və elmi işçi Nərmin Əsgərova iştirak ediblər.
Ekspedisiya zamanı helmintoloji materialların toplanması bu sahədə qəbul olunmuş elmi-metodik tələblərə və ümumi metodologiyaya uyğun şəkildə həyata keçirilib. Tədqiqat çərçivəsində şəxsi və fermer təsərrüfatlarında saxlanılan xırdabuynuzlu, iribuynuzlu və ətyeyən ev heyvanlarından, həmçinin su hövzələrində rast gəlinən su-bataqlıq quşlarından helmintoloji nümunələr götürülüb.
Qeyd edək ki, toplanmış nümunələr laboratoriya şəraitində müasir parazitoloji metodlarla tədqiq olunacaq.




