2026.06.02
Əməkdaşımız Almaniyada elmi ezamiyyətdə olub
ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Fuad Rzayev 17–22 may 2026-cı il tarixlərində Almaniya Federativ Respublikasında elmi ezamiyyətdə olub.
Səfər Almaniyanın Oberkoxen şəhərində yerləşən "Carl Zeiss Microscopy GmbH" şirkətinə təşkil edilib. Səfərin əsas məqsədi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılacaq Milli Mikroskopiya Mərkəzinin elmi tədqiqat və laboratoriya fəaliyyətlərini gücləndirə biləcək qabaqcıl analitik və görüntüləmə texnologiyalarının öyrənilməsi, həmçinin bu istiqamətdə peşəkar görüşlərin keçirilməsi və texniki dəstəyin göstərilməsinə dair müzakirələrin aparılması olub.
Ezamiyyə dövründə "Carl Zeiss Customer Center Europe"da nümayəndə heyətinə müxtəlif mikroskopiya sistemləri üzrə geniş texniki təqdimatlar keçirilib və praktiki nümayişlər təşkil olunub. Bu təqdimatlar elektron mikroskopiya, konfokal mikroskopiya, canlı hüceyrə görüntülənməsi, korrelyativ mikroskopiya, süni intellekt əsaslı görüntü analizi və rəqəmsal tədris platformalarını əhatə edib.
Tədbirdə xüsusilə "Gemini 360", "Gemini 460" və "Gemini 560" STEM sistemləri (SEM və TEM), həmçinin "Volutome" və digər modern 3D görüntüləmə həlləri barədə müzakirələr aparılıb. Bununla yanaşı, konfokal mikroskoplardan olan "LSM 990" modeli haqqında ətraflı məlumatlar əldə edilərək, bu texnologiyanın ölkəmizdə tətbiq imkanları dəqiqləşdirilib.




