НОВОСТИ
347

2026.05.08

Canlı Sistemlərin Tədqiqi İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib

8 may 2026-cı il tarixində ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və müstəqil dövlətimizin inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib. O qeyd edib ki, Heydər Əliyev yalnız Azərbaycanın xilaskarı və görkəmli siyasi lideri deyil, eyni zamanda müasir Azərbaycan dövlətinin memarıdır.

İradə Xəlilova vurğulayıb ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan mürəkkəb və çətin tarixi dövrdə parçalanma və tənəzzül təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası milli dövlətçilik düşüncəsinin əsasını təşkil edir və bu gün də cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Çıxış zamanı dövlətçilik, milli birlik və vətənpərvərlik prinsiplərinin Heydər Əliyev siyasi məktəbinin əsas sütunları olduğu diqqətə çatdırılıb.

Sonra institutun əməkdaşı, YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarov çıxış edərək Ulu Öndərin vətənə sonsuz sədaqətindən, milli-mənəvi dəyərlərin qorunmasına göstərdiyi xüsusi diqqətdən və yüksək siyasi iradəsindən danışıb. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz beynəlxalq aləmdə daha da güclənir.

İnstitutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İskəndərov çıxışında Ümummilli Liderin xalqına və dövlətinə daim sədaqətlə xidmət etdiyini, ən çətin tarixi məqamlarda xalqın taleyinə sahib çıxaraq xilaskarlıq missiyasını uğurla həyata keçirdiyini bildirib. O, həmçinin Heydər Əliyevin hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin inkişafı və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işləri xüsusi vurğulayıb.

İnstitutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova isə çıxışında dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolunun və siyasi irsinin bu gün də hər bir Azərbaycan vətəndaşı üçün böyük örnək olduğunu qeyd edib. O bildirib ki, Ulu Öndərin işıqlı xatirəsi xalqımızın qəlbində daim var olacaq və onun dövlətçilik ideyaları gələcək nəsillərə yol göstərən əsas bələdçi olaraq daim yaşayacaq.

Daha sonra institutun əməkdaşı Afaq Nurullayeva çıxışında Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində ölkədə elmi mühitin inkişafı, maddi-texniki bazanın gücləndirilməsi və Azərbaycan elminin beynəlxalq elmi məkanla inteqrasiyası istiqamətində mühüm addımlar atılıb.

Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir daha dərin hörmət və ehtiramla yad edərək, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətlərinin daim yaşayacağını vurğulayıblar.

Tədbir Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi ilə sona çatıb.