НОВОСТИ
255

2025.12.24

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Dekabrın 24-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin elmi tədqiqat müəssisələrinin direktorları və aidiyyəti üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Bölmənin tərkibinə daxil olan institutların cari ildəki nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova gündəlikdəki məsələləri diqqətə çatdırıb. O, BTEB-in Ümumi yığıncağının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etdiyini söyləyib. Alim dövlət başçısını bu münasibətilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri və elmi kollektivləri adından təbrik edib, cənab Prezidentə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin durmadan yüksəlişi, çiçəklənməsi, iqtisadi, siyasi, hərbi qüdrətinin artması, müstəqilliyinin və ərazi bütövlüyünün dönməzliyi istiqamətində müqəddəs fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Sonra akademik İradə Hüseynova Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası haqqında məlumat verib. Qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq, cari il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. O, bu Sərəncamın müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycanın qüdrətinin, gücünün və inkişafının bir daha nümayiş etdirilməsi və yeni nəsillərin dövlətçilik ruhu əsasında tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Vitse-prezident “Konstitusiya və Suverenlik İli” çərçivəsində BTEB və onun tərkibinə daxil olan institutlarda həyata keçirilmiş çoxsaylı tədbirləri diqqətə çatdırıb.

O, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Akademiyanın qarşısında qoyduğu tələblərdən irəli gələn vəzifələrdən bəhs edərək bildirib ki, dövlət başçısının alimlər qarşısındakı proqram xarakterli çıxışı ölkəmizdə elmin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm strateji sənəd, elmi ictimaiyyət üçün aydın yol xəritəsidir. Bu çıxışda elmə verilən yüksək dəyər, intellektual kapitala əsaslanan inkişaf modeli və yeni qlobal reallıqlara uyğun texnoloji prioritetlər ardıcıl şəkildə ifadə olunub.

Akademik İradə Hüseynova BTEB-in fəaliyyət istiqamətləri kontekstində bu çağırışların xüsusi aktuallıq kəsb etdiyini söyləyib. Qeyd edib ki, biologiya, aqrar və tibb elmləri üzrə aparılan tədqiqatlar biotexnologiyalar, molekulyar biologiya, genom və postgenom tədqiqatları ilə daha sıx inteqrasiya olunmalı, biomüxtəlifliyin qorunması, bitki və heyvanların genetik yaxşılaşdırılması, ərzaq təhlükəsizliyi, ətraf mühitin sağlamlaşdırılması kimi prioritet sahələrə real töhfələr verməlidir. Elmi nəticələr dövlət proqramları ilə uzlaşdırılmalı və milli inkişaf məqsədlərinə xidmət etməlidir.

Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən birinin süni intellekt və rəqəmsallaşma olduğunu söyləyən alim biologiya və tibb elmlərində bioinformatika, omiks texnologiyaları, massiv verilənlərin analizinin elmi tədqiqatların ayrılmaz tərkib hissəsinə çevrildiyini bildirib. O, müasir mərhələdə elmi fəaliyyətin yeni texnoloji platformalar üzərində qurulmalı olduğunu vurğulayıb.

“Elmin inkişafı üzrə Milli Strategiya çərçivəsində də mühüm vəzifələr qarşıda durur”, - deyən vitse-prezident qeyd edib ki, elm, təhsil və sənaye arasında inteqrasiyanın daha effektiv modelləri formalaşdırılmalı, Elm və Təhsil Nazirliyi, AMEA, universitetlər, tədqiqat institutları və dövlət strukturları arasında əməkdaşlıq yeni məzmunla zənginləşdirilməlidir. Gənc tədqiqatçıların dəstəklənməsi, qrant mexanizmlərinin və institusional imkanların gücləndirilməsi, elmin nüfuzunun və sosial statusunun yüksəldilməsi strateji prioritet olaraq qalmalıdır.

Akademik İradə Hüseynova Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin elmə verilən dövlət dəstəyinin, süni intellektin və rəqəmsallaşmanın prioritetliyinin, elmin iqtisadiyyatla və sənaye ilə sıx əlaqəsinin bariz ifadəsi olduğunu bildirib.

Daha sonra elmi-tədqiqat müəssisələri tərəfindən qəbul edilmiş 2025-ci il üzrə mühüm nəticələrin müzakirəsi aparılıb.

Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki instituların və elmi tədqiqat müəssisələrinin rəhbər şəxsləri cari il üzrə qəbul edilmiş mühüm elmi nəticələri iştirakçılara  təqdim ediblər.

Tədbirdə, həmçinin AMEA üzvlərinin 2025-ci il üzrə illik hesabatları dinlənilib.

Hesabatlar ətrafında müzakirələr aparılıb, əldə olunan nəticələr yüksək qiymətləndirilib.

Sonda akademik Validə Əlizadənin 80, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 və AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun 70 illik yubileylərinin keçirilməsi ilə bağlı qərarlar qəbul olunub.