НОВОСТИ
2237

2024.07.16

Zoologiya İnstitutu tərəfindən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”yə həsr olunmuş tədbir keçirilib

Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır. Bu artıma diqqəti gücləndirmək  üçün 16 iyul tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu tərəfindən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”yə həsr olunmuş tədbir keçirilib.

İclası giriş nitqi ilə açan Zoologiya İnstitutunun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova qeyd etmişdir ki, uzun illərin elmi araşdırmaları göstərir ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hal-hazırda Yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemlərindən birinə çevrilən “ağ ölüm”ün əsrinə çevrilmişdir. 

DİN – in Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Natiq İsbatov qeyd edib ki, “Narkomaniya adlı ”  böyük bəla ilə hər bir instansiya öz sahəsində bütün variantlardan istifadə etməklə mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir.  Azərbaycanda da bu sahədə xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına” və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına” qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Narkomaniya ilə mübarizədə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

“Quru onurğalıları” laboratoriyasının müdiri, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, “Quru onurğalıları” laboratoriyasının aparıcı elmi işçisi, YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si ilk Partiya Təşkilatının sədri, b.ü.f.d. Hafiz Muxtarov, Tətbiqi Zoologiya Mərkəzinin böyük elmi işçisi, b.ü.f.d. Səliqə Qazi, Zooloji muzeyin böyük laborantı Xatirə Qəhrəmanlı mövzu ətrafında məruzələrlə çıxış etmiş, qeyd etmişlər ki,  şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, insanın cəmiyyətə atılmazdan əvvəl aldığı ilkin tərbiyə, şüurunda həkk olunan öyüd-nəsihət və oturub-durduğu mühit onun sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ailə tərbiyəsi və ata faktoru, hər bir uşağın sonrakı taleyində lokomotiv rolunu oynayır. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək lazımdır.

Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizin mənəvi və intellektual potensialının aşınmasına səbəb olan, genofondumuza sarsıdıcı, ağır və sağalmaz zərbələr vuran bu bəlaya – narkomaniyaya “YOX” deyək.