2024.06.12
“Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfrans başa çatıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda elmi-praktik konfransın ETN Zoologiya İnstitutunun akt zalında reallaşan 3-cü seksiyada “Bioloji invaziyalar və onların ekosistemlərə təsiri”, “Parazit orqanizmlərin təbii və transformasiya olunmuş ekosistemlərdə rolu” istiqamətləri üzrə müxtəlif təşkilatlardan - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, AR ETN Zoologiya və Dendrologiya İnstitutları, KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu, Qazaxıstan Elmi Tədqiqat Baytarlıq İnstitutundan daxil olmuş məruzələr dinlənilərək, müzakirələr aparılmışdır.
Tədbirin sonunda institutun baş direktoru, dosent Ələddin Eyvazov xarici və yerli qurumların alim və əməkdaşlarının iştirakı ilə keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndirib və məhsuldar iştiraka görə onlara öz minnətdarlığını bildirib.
Daha sonra iştirakçılara sertifikatlar təqdim olundu, birgə xatirə şəkli çəkildi. Bununla da konfrans öz işini yekunlaşdırdı.