НОВОСТИ
1004

2024.06.13

“Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda beynəlxalq elmi-praktik konfransının açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsinə həsr edilmiş “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda 11 iyun 2024-cü il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında beynəlxalq elmi-praktik konfransının (hibrid formada) açılış mərasimi keçirildi. Açılışdan öncə kitab və heyvan eksponantlarından ibarət sərgiyə baxış keçirildi. Daha sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Konfransı  giriş sözü ilə AR ETN Zoologiya İnstitutunun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov bildirdi ki, açaraq konfransa 18 yerli, 4 xarici qurumlardan 41 məruzə və 51 posterlə çıxış təqdim olunub. 3 seksiyada davam edəcək konfransın ölkə başçısının “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı keçirildiyini bildirdi. Ə. Eyvazov həmçinin diqqətə çatdırıb ki, sözügedən Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir,  digər tərəfdən də ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır. Ə.Eyvazov vurğulayıb ki, Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Son 20 ildə ölkəmizdə həyata keçirilən sənayeləşdirmə layihələrində ətraf mühitin qorunması üçün ən yeni texnologiyalardan istifadə olunması, ölkədə ekoloji sağlamlığın təmin edilməsi üçün ayrı-ayrı dövlət proqramlarının həyata keçirilməsi, yaşıl enerjinin istehsalına və ondan istifadəyə geniş yer verilməsi dövlət səviyyəsində ekoloji problemlərə prioritet yanaşmanın təsdiqidir. Ölkənin flora və fauna sərvətlərinin mühafizə edilməsi, ictimai düşüncədə ekoloji maarifləndirmə işlərinin aparılması, yaşıllaşdırmanın təbliği kimi layihələr davamlı olaraq dövlət tərəfindən dəstəklənir. Hazırda iqlim dəyişikliyi fonunda planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. "Yaşıl enerji"yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər isə "yaşıl enerji" keçidini sürətləndirir.

Daha sonra, tədbirdə AMEA-nın vitse prezidenti, ARETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova (Zoom platforması üzərindən), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, AR ETN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, eləcə də Zoom platforması üzərindən xarici qonaqlar - Türkiyə Fırat Universiteti Su Ürünləri Fakultəsinin professoru, biologiya elmləri doktoru Naim Sağlam, Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru, REA müxbir üzvü Nikita Çernetsov, V.N.Karazin adına Xarkov Milli Universitetinin professoru, biologiya elmləri doktoru Sergey Utevsky və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi və layihə koordinatoru Zeynəb Seyidova çıxış edərək konfransın işinə uğurlar arzuladılar.

İki günlük konfrans öz işini seksiyalarda davam etdirəcək.