НОВОСТИ
514

2023.05.31

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Qəbələ və Ağdaş rayonlarında ekspedisiyada olublar

Tətbiqi Zoologiya Mərkəzinin müdiri Barat Əhmədov, aparıcı elmi işçilər - İradə Nuriyeva, İlhamə Səfərova, kiçik elmi işçilər - Səliqə Qazi, Zinyət Şahverdiyeva, böyük laborant Ülkər Quliyeva Qəbələ və Ağdaş rayonlarında ekspedisiyada olublar.
Ekspedisiya müddətində Qəbələ rayonunun Savalan, Zirik, Zarağan, Məmmədağalı, Məlikli kəndlərinin və Vəndam qəsəbəsinin fındıq bağlarına, həyətyanı sahələrə, meşə və parklardakı ağac və kollara baxış keçirilib, fındıq yarpaqlarında unlu şeh xəstəliyinin geniş yayıldığı və fındıq kollarında Miridae fəsiləsindən Phylus coryli Poecilimon sp nimfaları aşkarlanıb. Bundan başqa, fındıq yarpaqlarında kütləvi şəkildə yayılan fındıq mənənəsinə - Myzocallis coryli ( Hemiptera, Aphididae ) rast gəlinib. Bu mənənələrin entomofaqları Coccinella septempunctata-nın müxtəlif yaşlı sürfələrinə, eyni zamanda, müxtəlif növ hörümçəklərə təsadüf edilib. Qəhvəyi mərmər taxtabitiyə isə Qəbələ rayonunun müşahidə edilən ərazilərində rastlanmayıb.

Eyni zamanda, tədqiqatçılar tərəfindən Ağdaş rayonunun Aşağı Ləki, Pirkəkə, Kotanarx kəndlərinin üzüm əkilən sahələrinə baxış keçirilib, üzüm bitkisinin bəzi zərərvericilərinin tırtıl və pupları toplanılıb. Sahələrdə mərmər böcəyinə, naməlum sürfə və tırtıllara, bəzi hörümçəklərə rast gəlinib, müxtəlif kəpənəklərin imaqoları da xüsusi tor vasitəsilə toplanılıb. Toplanmış materiallar entomoloji qablara yerləşdirilərək etiketlənib və laboratoriyaya gətirililib.

Hazırda materiallar üzərində tədqiqatlar davam etdirilir.