НОВОСТИ
704

2022.11.01

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

1 noyabr 2022-ci il tarixində ARETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri açan institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasın əvvəlində Quru onurğalıları və Paleozoologiya laboratoriyalarının, Zooloji muzeyin illik hesabatları dinlənilib. İlk öncə Quru onurğalıları laboratoriyasının müdiri b.ü.f.d., dosent Təvəkkül İsgəndərov laboratoriyanın cari ildə fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra, il ərzində laboratoriya əməkdaşlarının nəşr fəaliyyətini də şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra Zooloji muzeyin müdiri b.ü.f.d. Səbinə Bünyatova 2022-ci ildə muzey əməkdaşlarının 2 tezisi və 1 dərsliyin çapdan çıxdığını qeyd edərək, Quru onurğasızları laboratoriyasında saxlanılan entomologiya kolleksiyası materiallarının inventarizasiyası haqqında məlumat verib. Paleozoologiya laboratoriyasının müdiri vəzifəsini icra edən b.ü.f.d. Könül Tapdıqova isə cari ildə laboratoriyada yerinə yetirilən elmi tədqiqat işi barədə məlumat verməklə yanaşı, laboratoriyada mövcud olan materialların inventarizasiya edilməsindən və onların  əsasında yaradılan kolleksiya fondundan bəhs edib.

Elmi katib b.ü.f.d., dosent Sara Əliyeva institutun aparıcı elmi işçisi, b.ü.f.d. Gülbəniz Qasımovanın “Böyük Qafqaz təbii vilayətinin amfibiləri” adlı monoqrafiyasının çapa təqdim olunması barədə məlumatı şura üzvlərinin diqqətinə çatdırıb.

İnstitutun əməkdaşı b.ü.f.d. Simuzər Oruc qızı Mamedovaya 2429.01- “Parazitologiya” ixtisasında elmi fəaliyyətə görə dosent elmi adı verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılıb.

İclasın sonunda müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq təkliflər verilib.