НОВОСТИ
831

2022.10.05

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

5 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun direktor vəzifəsini icra edən, a.e.ü.f.d, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib.

İclasın əvvəlində Ə.Eyvazov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili elan olunması haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamıyla bağlı olan plan və təklifləri şura üzvləri ilə müzakirə edib. İnstitutun icraçı direktoru b.e.d., dosent Elşad Əhmədov “Qırmızı Kitab”ın III nəşrinin çapa hazırlıq mərhələsi barədə geniş məlumat verib. Bununla yanaşı, E.Əhmədov Azərbaycan Faunası Milli İnformasiya Sisteminin (onurğalılar) çapa təqdim olunmasından söhbət açaraq, yekun vəziyyəti şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edək ki, nəşr Heydər Əliyevin 100 illiyinə həsr olunur. İnstitutun elmi katibi b.ü.f.d. Sara Əliyeva isə 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar barədə məruzə edib.

İclasda həmçinin Təhsil şöbəsinin müdiri b.ü.f.d. Gülbəniz Nadirova 2022-ci tədris ili üçün magistratura, doktorantura və dissertanturaya qəbulun nəticələri barədə danışıb. İnstitutun əməkdaşı b.ü.f.d. Könül Aslan qızı Tapdıqovaya 2401.01- “Zoologiya” ixtisasında elmi fəaliyyətə görə dosent elmi adı verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılıb.

Tədbirin sonunda müxtəlif məsələlər ətrafında müzakirə aparılıb və müvafiq qərarlar qəbul edilib.