НОВОСТИ
749

2022.09.20

İşğaldan azad edilmiş Qarabağın Şərqi Zəngəzur ərazilərinə ekspedisiya təşkil olunub

AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri vəzifəsini icra edən b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, b.ü.f.d., aparıcı elmi işçisi Gülbəniz Qasımova və elmi işçisi Sevinc Rəcəbova 01-07.09.2022-ci il tarixlərində Şərqi Zəngəzurun quru onurğalıları faunasının, o cümlədən, Azərbaycanın “Qırmızı Kitab”ına tövsiyə edilən növlərin tədqiqi ilə bağlı ekspedisiyada iştirak ediblər.
Tədqiqat işi “ANAMA” mütəxəssislərinin müşayiəti və iştirakı ilə həyata keçirilib. Tədqiqat sahələrinin seçimi və o sahəyə giriş “ANAMA” mütəxəssislərinin icazəsi ilə baş tutub. Tədqiqat kənardan vizual müşahidə üsulu ilə və təhlükəsizliyə icazə verilən biotoplarda (bozqır təpəliklər, göl, çay, bulaq kənarı otluqlar, kolluqlar, yaşayış məskənlərinin xarabalıqları) həyata keçirilib.
Quşların vizual müşahidəsi üçün binokldan, hündürlük səviyyələrinin ölçülməsi üçün “Garmin GPSMAP 64st” cihazından, foto və video çəkilişləri üçün “Canon EOS 4000D” kamerasından istifadə edilib. Tədqiqat zamanı 1 amfibi, 3 reptili, 12 quş və 3 məməli növləri müşahidə olunub. Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə tövsiyə edilmiş 2 quş növü (Çöl sarı (Buteo rufinus Cretz., 1827), Ağbaş kərkəs (Gyps fulvus Habl., 1773)) və 1 tısbağa növü (Aralıq dənizi tısbağası (Testudo graeca Linn., 1758)) qeydə alınıb.
Qeyd edək ki, Aralıq dənizi tısbağası (Testudo graeca Linn., 1758) BTMİ-nin Qırmızı Siyahısına (IUCN RedList - VU) daxil edilmişdir.