НОВОСТИ
812

2022.05.20

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

20 may  2022-ci il tarixində, AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasında, Quru onurğasızlar laboratoriyasının elmi işçisi Tamara Vaqif qızı Nuruyevanın 2401.01 – "Zoologiya" ixtisası üzrə "Azərbaycanın Qobustan ərazisinin hörümçəkləri (Arachnida: Araneae): fauna, bioekologiya” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib. Tədqiqat işinin elmi rəhbərləri biologiya elmləri doktoru, dosent Sneqovaya Natalya Yuryevna və biologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Füzuli oğlu Hüseynovdur.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d. Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. İddiaçı bildirib ki, tədqiqat nəticəsində Qobustan ərazisində qeyd olunan 282 növ hörümçəkdən 2-si elm üçün yenidir. T. Nuruyeva aparılan tədqiqatların həm Qobustanın, həm də bütövlükdə Azərbaycanın hörümçək faunasının öyrənilməsinə böyük töhfə verdiyini, əldə edilən məlumatların Azərbaycanın araneofaunasında məlum növlərin sayını artırmaqla hörümçəklərin regional kataloqunun hazırlanmasında və yaradılmasında istifadəsinin mümkünlüyünü də xüsusi vurğulayıb.

İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.