НОВОСТИ
955

2022.05.19

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Botanika sahəsində tanınmış alim, “Şöhrət” ordenli, AMEA-nın Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Sadıq oğlu Məmmədov mayın 19-da ömrünün 66-cı ilində faciəli şəkildə vəfat etmişdir.

Məmmədov Tofiq Sadıq oğlu 10 fevral 1957-ci ildə Naxçıvan MR-in Ordu­bad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan İnşaat Mühən­disləri İnstitutunun İnşaatçı-mühəndis fakültəsini bitirmiş, 1995-1999-cu illərdə AMEA-nın Botanika İnstitutunun dissertantı olmuşdur. T. Mammadov Azərbaycan SSR EA Botanika İnstitutunun Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini (1986), direktor vəzifələrin­də (1996) çalışmışdır. 2014-cü ildə alimin təşəbbüsü ilə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunmuş və T.Məmmədov direktor vəzifəsinə seçilmişdir. 2021-ci ildən həmin institutun baş direktoru olmuşdur. O, müxtəlif illərdə Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedralarının professoru kimi fəaliyyət göstərmişdir.

T. Məmmədov Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün çox qiymətli tövsiyələr vermişdir.  Onun müəllifi olduğu kitablar ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir.

Alim 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti ya­nında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə) kadrların seçilməsi şöbəsinin eks­perti olmuşdur.

T.Məmmədov yerli və xarici mətbuatda dərc edilən 250-yə yaxın əsərin, 11 patent, 30 kitab, AR Səhiyyə Nazirliyinin 2 gigiyenik sertifikatının müəllifidir.  Onun təşəbbüsü və səyləri ilə AMEA-nın Dendrologiya İnstitutunda Bey­nəlxalq Botanika Bağları konfransları (2006, 2010, 2013, 2015, 2017) keçiril­miş, işğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının nümayəndəsi Tofiq Məmmədov olmuş, 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak etmişdir. Alim Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının III nəşrinin hazırlanmasında yaxından iştirak etmişdir.

Hər zaman təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti ilə seçilmiş T.Məmmədovun yoxluğunu qəbul etmək olduqca ağırdır, üzücüdür. AMEA Zoologiya İnstitutunun rəhbərliyi və əməkdaşları bir daha alimin doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına başsağlığı diləklərini çatdırır, səbr diləyirlər.

Allah rəhmət eləsin!