НОВОСТИ
1074

2022.03.17

Zoologiya İnstitutunun gənc alimi beynəlxalq layihənin yerinə yetirilməsində iştirak edib

AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova ekspert ornitoloq vəzifəsində və AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun “Zooloji tədqiqatlar” şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Məmmədov ekoloq vəzifəsində 31yanvar 2022-ci il tarixindən 22 fevral 2022-ci il tarixinədək BP şirkətinin sifarişi ilə “Səngəçal terminalı ətrafında quşların monitorinqi” adlı beynəlxalq layihəni uğurla yerinə yetiriblər. Ornitoloji monitorinq müddətində Səngəçal terminalı ətrafından materiallar toplanıb və hesabat BP şirkətinə təqdim olunub. Tədqiqat müddətində 55 quş növü qeydə alınıb. Tədqiqat ərazisində bu quş növlərindən Aegypius monachus (Qara kərkəs), Bucanetes githagineus (Səhra qarquşu), Gallinago gallinago (Adi meşə cüllütü), Phoenicurus ochruros (Qara odquyruq) ilk dəfə olaraq qeydə alınıb. Ornitoloji monitorinq müddətində qeydə alınan növlərdən Gyps fulvus (Ağbaş kərkəs), Haliaeetus albicilla (Ağquyruq dəniz qartalı) və Pandion haliaetus (Çay qaraquşu (Balıqcıl qaraquş)) yalnız Azərbaycanın "Qırmızı Kitab"-ının II nəşrinə, Aythya ferina (Qırmızıbaş dalğıc) yalnız Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (IUCN Red List), Aegypius monachus (Qara kərkəs) və Circus macrourus (Çöl leyi) isə həm Azərbaycanın "Qırmızı Kitab"-ının II nəşrinə, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (IUCN Red List) daxildir. Tədqiqat zamanı binokl, teleskop, fotoaparat və təyinedicilərdən istifadə olunub.