2021.12.28
Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib
28 dekabr 2021-ci il tarixində, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.09-Dissertasiya şurasında Sumqayıt Dövlət Universitetinin müəllimi, Baytarlıq Elmi Tədqiqat İnstitutunun dissertantı Aysel Nuhbala qızı Ağayevanın 2429.01 - "Parazitologiya" ixtisası üzrə “Abşeron bölgəsində qoyunların başlıca helmintoz torədicilərinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov, rəsmi opponentlər isə biologiya elmləri doktoru, dosent Qara Fətəliyev, biologiya elmləri doktoru, professor Etibar Məmmədov, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Amaliya Həsənova olmuşdur.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, biologiya elmləri doktoru Elşad Əhmədov tədqiqat işinin materialları əsasında dissertasiya işinin əsas məzmununu özündə əks etdirən 9 məqalə, 9 konfrans materialı və 1 tövsiyə çapdan çıxdığını diqqətə çatdırıb.
Qeyd edək ki, tədqiqat ərazilərində helmintlər ətraflı öyrənilmədiyindən, alınan nəticələr yeni olub, nəinki bölgə üçün, həmçinin Azərbayacan faunası üçün nəzəri-elmi baza kimi böyük əhəmiyyət kəsb edir.
Dissertant öz təqdimatında Abşeron bölgəsində şəxsi və fermer təsərrüfatlarında qoyunlarda başlıca helmint faunasının tədqiqindən, bölgədə bütün başlıca helmintlərə görə qeydə alınan yüksək ekstensivlik və intensivlikdən bəhs edərək iştirakçıları dissertasiyanın əsas nəticələri ilə tanış edib.
İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.