НОВОСТИ
1039

2021.12.10

“Abşeron yarımadasının urbanlaşmış ərazilərinin müasir herpetofaunası” adlı fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib

10 dekabr 2021-ci il tarixində, AMEA-nın Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.09-Dissertasiya şurasında, Azərbaycan Tibb Universiteti Tibbi biologiya və genetika kafedrasının dissertantı Aysel Rafiq qızı Həşimovanın 2401.01 – “Zoologiya” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Abşeron yarımadasının urbanlaşmış ərazilərinin müasir herpetofaunası” adlı dissertasiya işinin müdafiəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbəri Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının professoru, biologiya elmləri doktoru Canbaxış Nəcəfov, rəsmi opponentlər isə biologiya elmləri doktoru, dosent Qiyas Quliyev, biologiya elmləri doktoru, dosent Namiq Mustafayev, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rafiq Hüseynovdur.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, biologiya elmləri doktoru Elşad Əhmədov tədqiqat işinin nəticələri əsasında 17 elmi əsərin çap edildiyini onlardan 6-nın xarici ölkələrdə dərc olunduğunu bildirib.
Dissertasiya işi haqqında ətraflı məlumat verən iddiaçı Aysel Həşimova Abşeron yarımadası herpetofaunasının müasir vəziyyəti, fon yaradan reptili növlərinin populyasiya sıxlığına urbanlaşmanın təsiri, tədqiqat obyekti olan reptililərin antropogen adaptasiya dərəcəsi, süni salınan yaşıllıq massivlərinin reptili müxtəlifliyinin qorunmasındakı əhəmiyyəti haqqında ətraflı çıxış edib. İlk dəfə olaraq tədqiqatçı tərəfindən fon yaradan reptili növlərinin sümük və əzələ toxumasında toksiki təsirə malik olan ağır metalların miqdarı təyin olunub.
İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək, işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.