НОВОСТИ
987

2021.11.22

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Noyabrın 22-də AMEA Zoologiya İnstitutunun Elmi şurasında növbəti hesabatlar dinlənilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan iclası institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov giriş sözləri açaraq sözü Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Barat Əhmədova verib. Barat Əhmədov cari ildə mərkəzin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri, əməkdaşlar tərəfindən təşkil olunan ekspedisiyalar və iştirak edilən elmi konfranslar haqqında danışaraq, yeni hazırlanan kadr potensialı haqqında ətraflı məlumat verib. Sonra Hidrobiologiya laboratoriyasının müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Adil Əliyev hesabat ilində laboratoriyada 2 mövzuya məxsus 6 iş üzrə tədqiqatlara başlandığını qeyd edib. İclasda, həmçinin Paleozoologiya laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya elmləri üzrə fəlsəfə doktoru Könül Tapdıqova lV dövr Binəqədi flora və fauna təbiət abidəsində aparılan tədqiqat işi haqqında danışaraq, qazıntı halında aşkar edilmiş materialların necə təyin olunması barədə geniş məruzə edib.

İclasın sonunda şura üzvlərini maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb və təqdim olunan hesabatlar qənaətbəxş hesab olunub.