НОВОСТИ
1023

2021.11.17

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Noyabrın 17-də AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Karantin rejiminin qaydalarına uyğun olaraq keçirilən iclasda institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb. Daha sonra institutun Protozoologiya laboratoriyası əməkdaşlarının cari ildə gördükləri işlər barədə məlumat vermək üçün sözü laboratoriyanın rəhbəri, AMEA müxbir üzvü İlham Ələkbərova verib.


Rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti barədə çıxış edən İ.Ələkbərov bildirib ki, cari ildə laboratoriyanın əsas elmi istiqaməti Azərbaycanda ibtidailərin fauna və ekologiyasının, biomüxtəlifliyinin, su və torpaq ekosistemlərinin təbii qida zəncirlərində rolunun və təbiətdə üzvi maddələrin produksiya və destruksiya proseslərində əhəmiyyətinin öyrənilməsi olub. Bundan əlavə “Xəzərin Azərbaycan sahillərində sərbəstyaşayan və parazit ibtidailərin biomüxtəlifliyi və suyun keyfiyətinin biomonitorinqi (2021-2023-cü illər)” mövzusu üzrə məruzə edən alim qeyd edib ki, 2021-ci il ərzində mövzu üzrə material laboratoriyanın əməkdaşları tərəfindən Xəzər dənizinin Abşeron sahillərindən 7 stasionar nöqtədən (Abşeron Milli Parkı, Hövsan, Türkan Pirallahı - Dübəndi - Şıx, Sanqaçal) toplanılıb. Eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən ekspedisiya nəticəsində, Xəzərin müxtəlif akvatoriyalardan topladığı bentos və plankton nümunələr Protozoologiya laboratoriyasına təhvil verilib. Nəticədə Abşeronun sahil sularında müxtəlif ekoloji qruplara aid 15 fəsiləyə aid (Trachelocercidae, Spirostomatidae, Condylostomatidae, Amphisiellidae, Oxytrichidae, Parameciidae, Prorodontidae, Metopidae, Stokesiidae, Uronematidae, Pleuronematidae, Euplotidae, Colepidae, Urostylidae, Tintinnoidea) 29 növ infuzor qeydə alınıb.

Daha sonra, elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədov Zoologiya institutunun Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyası əməkdaşlarının 2021-ci ildə gördükləri işlər haqqında qısa hesabat təqdim edib. “Qan parazitləri (Haemosporidia) və ibtidai bağırsaq parazitlərinin (Apicomplexa) assosiativ invaziyası zamanı parazit-sahib münasibətlərinin öyrənilməsi” mövzusunda məruzə edən alim bildirib ki, 2021-ci ildə tədqiqat işinin əsas mərhələsi heyvanlarda (inək) qan və bağırsaq parazitlərinin faunasının təyin edilməsi və bəzi biokimyəvi göstəricilərin (fermentlərin aktivliyi, ümumi zülalın miqdarı, qanın morfoloji göstəriciləri) öyrənilməsi olub. Belə ki, işin yerinə yetirilmə mərhələlərinə uyğun olaraq cari ildə təcrübələri yerinə yetirmək üçün Abşeron rayonunun müxtəlif təsərrüfatlarından inəklərdən fekal və qan nümunələri toplanılıb və laboratoriyada işlənilib.


Tədbirin sonunda hər iki məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb və təqdim olunan hesabatlar qənaətbəxş hesab olunub.