НОВОСТИ
1137

2021.10.06

“Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” adlı elmi-praktik konfrans keçirilib

Oktyabrın 6-da AMEA Zoologiya İnstitutunun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan, “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini b.ü.f.d. Vüqar Kərimov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.ü.f.d. Siyalə Rüstəmova, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, t.e.d., professor Adil Allahverdiyev, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Heyvan sağlamlığı şöbəsinin müdiri, a.e.ü.f.d. Qalib Əbdüləliyev, həmçinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan bir sıra elmi müəssisələrin direktorları, eləcə də digər aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən a.e.ü.f.d. Ələddin Eyvazov tədbir iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. O, ilk öncə İkinci Qarabağ müharibəsi haqqında danışaraq, qəhrəman vətən oğulları sayəsində tapdaq altında olan 20 faiz torpaqlarımızın necə azad olunmasından bəhs edib. Vətən uğrunda həyatlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Ələddin Eyvazov sonra Zoologiya İnstitutu və akademik Musa Musayevin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Çıxış edən müxtəlif müəssisələrin nümayəndələri görkəmli akademik Musa Musayevlə bağlı xatirələrini bölüşüb, onun peşəkar işgüzar intizamından və gözəl insani keyfiyyətlərindən danışıblar. Yarım əsrə yaxın Zoologiya İnstitutunda direktor vəzifəsində çalışan,  zooloq-parazitoloq və protozooloq, genişprofilli bioloq, baytarlıq təbabətində tanınmış alim olan Musa Musayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacağını vurğulayıblar. Çıxışçılar həmçinin fəaliyyət göstərdikləri müəssisələrin Zoologiya İnstitutu ilə birgə əməkdaşlıq fəaliyyətlərinin vacibliyini də qeyd edərək, gələcək tədqiqatların azad olunmuş Qarabağ torpaqlarında aparılacağı günləri səbirsizliklə gözlədiklərini qeyd ediblər.

Tədbir zoologiya elmində müxtəlif istiqamətlər üzrə təqdiqatlar aparmış yüksəkixtisaslı kadrların məruzələrinin dinlənilməsi ilə davam edib. Məruzəçilər müxtəlif mövzuda apardıqları tədqiqat işlərinin nəticələri haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.