НОВОСТИ
1224

2021.06.29

“Abşeron yarımadasının urbanlaşmış ərazilərinin müasir herpetofaunası” adlı dissertasiya işinin müzakirəsi keçirilib

29 iyun 2021-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunda Azərbaycan Tibb Universiteti Tibbi biologiya və genetika kafedrasının dissertantı Aysel Rafiq qızı Həşimovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Abşeron yarımadasının urbanlaşmış ərazilərinin müasir herpetofaunası” adlı dissertasiya işinin müzakirəsi keçirilib.

Dissertasiya işinin elmi rəhbəri Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının professoru, biologiya elmləri doktoru Canbaxış Nəcəfov, rəyçiləri - Gəncə Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya elmləri doktoru Vəfa Məmmədova və AMEA Zoologiya İnstitutu Zooloji Muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova olub.

Dissertasiya işi haqqında ətraflı məlumat verən Aysel Həşimova Abşeron yarımadası herpetofaunasının müasir vəziyyəti, fon yaradan reptili növlərinin populyasiya sıxlığına urbanlaşmanın təsiri, tədqiqat obyekti olan reptililərin antropogen adaptasiya dərəcəsi, süni salınan yaşıllıq massivlərinin reptili müxtəlifliyinin qorunmasındakı əhəmiyyəti haqqında ətraflı çıxış edib. İlk dəfə olaraq tədqiqatçı tərəfindən fon yaradan reptili növlərinin sümük və əzələ toxumasında toksiki təsirə malik olan ağır metalların miqdarı təyin olunub.

Tədqiqat işinin nəticələri əsasında 17 elmi əsər çap edilmişdir ki, onlardan 6-sı xarici ölkələrdə dərc olunub.

İclasın sonunda seminar üzvlərinin açıq səsverməsi nəticəsində Aysel Rafiq qızı Həşimova 2401.01 – “Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin Dissertasiya şurasına müdafiə üçün təqdim olunması qərara alınıb.