НОВОСТИ
1306

2021.05.25

Zoologiya İnstitutuda növbəti dissertasiya işinin müdafiəsi keçirilib

Mayın 21-də AMEA-nın Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.09-Dissertasiya şurasında institutun elmi işçisi Şəfa İlqar qızı Xasayevanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. “Gəncə-Qazax bölgəsinin hörümçəklərinin (Arachnida, Araneae) fauna və ekologiyası” adlı tədqiqat işinin elmi rəhbəri biologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Hüseynov, rəsmi opponentləri biologiya elmləri doktorları – Asif Manafov, Vəfa Məmmədova və biologiya elmləri üzrə fəlsəfə doktoru İradə Süleymanovadır.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Dissertasiya şurasının sədri, biologiya elmləri doktoru Elşad Əhmədov dissertantın dəfələrlə yerli və xarici ölkələrdə keçirilmiş konfranslarda uğurla çıxış etdiyini, elmi tədqiqat işinin nəticələrinin bir çox xarici jurnallarda çap olunduğunu qeyd edərək 2-si beynəlxalq indeksli bazalara daxil olan jurnallarda, 11 məqalə və 4 tezis olmaqla, ümumilikdə 15 elmi işin müəllifi olduğunu vurğulayıb.
Sonra “Zoologiya” ixtisası üzrə dissertasiya işi haqqında ətraflı məlumat verən Şəfa Xasayeva Gəncə-Qazax bölgəsinin hörümçək faunasının növ tərkibi, taksonomik strukturu, növlərin ekoloji xüsusiyyətləri, landşaftlar üzrə yayılma qanunauyğunluqları, faunanın zoocoğrafi təhlilinin nəticələri haqqında məruzə ilə çıxış edib. O, Gəncə-Qazax bölgəsinin hörümçək faunası üçün 30 fəsilə 144 cinsə aid 325 növ hörümçək qeyd etdiyini və bunlardan 6 növün Qafqaz faunası üçün, 1 cins və 9 növün Azərbaycan faunası üçün, 195 növün isə Gəncə-Qazax bölgəsinin hörümçək faunası üçün yeni olduğunu vurğulayıb.
Tədqiqat işi Dissertasiya şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilib və namizədin biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğu bildirilib.