НОВОСТИ
2145

2021.04.23

Zoologiya İnstitutunda dissertasiya işinin müdafiəsi keçirilib

Aprelin 23-də AMEA-nın Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.09-Dissertasiya şurasında institutun elmi işçisi Elyanə Nail qızı Tahirovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. “Lənkəran təbii vilayətinin şirin su hövzələrinin çanaqlı amöblərinin fauna və ekologiyası” adlı tədqiqat işinin elmi rəhbəri biologiya elmləri doktoru Natalya Sneqovaya, rəsmi opponentləri biologiya elmləri doktorları - Qiyas Quliyev, Namiq Mustafayev və biologiya elmləri üzrə fəlsəfə doktoru Elnarə Cəfərovadır.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Dissertasiya şurasının sədri, biologiya elmləri doktoru Elşad Əhmədov dissertantın dəfələrlə yerli və xarici ölkələrdə keçirilmiş konfranslarda uğurla çıxış etdiyini, elmi tədqiqat işinin nəticələrinin bir çox xarici jurnallarda çap olunduğunu qeyd  edərək 4-ü beynəlxalq indeksli bazalara daxil olan jurnallarda, 10 məqalə və 7 tezis olmaqla, ümumilikdə 17 elmi işin müəllifi olduğunu vurğulayıb.

Sonra “Zoologiya” ixtisası üzrə dissertasiya işi haqqında ətraflı məlumat verən Elyanə Tahirova Lənkəran təbii vilayətinin çanaqlı amöblər faunasının növ və miqdar tərkibi, onların su hövzələri üzrə yayılma qanunauyğunluqları, bəzi mühit amillərinə (duzluluq,temperatur, qaz rejimi, pH və s.) uyğunlaşması, su tutarlarında çanaqlı amöblərin biosenozda rolu, şirin suların üzvi çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi və sonrakı biomonitorinqi üçün çanaqlı amöblərdən test-obyekt kimi istifadə olunmasının mümkünlüyü və perspektivliyi haqqında məruzə ilə çıxış edib. O, çanaqlı amöblərin 8 növ və yarımnövünün ilk dəfə qeydə alındığını, onlardan 2 növün elm üçün ilk dəfə, 4 növün Qafqaz üçün, 2 yarımnövün isə Azərbaycan faunası üçün yeni olduğunu vurğulayıb.

Tədqiqat işi Dissertasiya şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilərək namizədin biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğu bildiriliblər.