НОВОСТИ
1383

2021.03.11

Zoologiya İnstitutunda Dissertasiya Şurasının növbəti onlayn iclası keçirilib

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurası üzvlərinin iştirakı ilə onlayn iclası keçirilib.

İclasda institutun elmi işçisi Elyanə Tahirovanın “Zoologiya” ixtisası üzrə “Lənkəran təbii vilayətinin şirin su hövzələrinin çanaqlı amöblərinin fauna və ekologiyası” mövzusunda dissertasiya işinə rəsmi opponentləri göstərməklə rəy və təkliflər verilib. Elyanə Tahirovanın tədqiqat işi Lənkəran təbii vilayətinin 6 rayonu ərazisində yerləşən müxtəlif şirin su hövzələrində çanaqlı amöblərin biomüxtəlifliyi, ekoloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilib. Qeyd edək ki, tədqiqatçı tərəfindən respublikada ilk dəfə olaraq çanaqlı amöblərin tədqiqində skan elektron mikroskopundan istifadə edilib. Tədqiqat müddətində çanaqlı amöblərin 8 növ və yarımnövü elm üçün və Qafqaz faunası üçün ilk dəfə qeydə alınıb.

Komissiya dissertasiya işinin rəsmi opponentləri kimi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri, biologiya elmləri doktoru Qiyas Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri, biologiya elmləri doktoru Namiq Mustafayev və Azecolab Company MMC-nin Taksonomiya laboratoriyasının aparıcı mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərovanı məsləhət bilib.