НОВОСТИ
1365

2021.02.18

Alimlər lemurların sadiqlik xüsusiyyətini tədqiq ediblər

Alimlər canlılarda monoqamiyanın neyrobioloji xüsusiyyətlərini tədqiq etmək üçün lemurları seçiblər.

ABŞ-ın Şimali Karolina ştatında yerləşən Dyuk Universitetinin əməkdaşları lemurların yeddi növündə beyinin neyrokimyasını müqayisə ediblər. Onların arasında monoqam növlərdən manqustabənzər və qırmızı qarınlı lemurlar da olub. Bu lemurların erkəyi və dişisi uzun müddət bir yerdə yaşayaraq nəsli davam etdirir, yaşayış məskənlərini qoruyur. Yerdə qalan beş növ poliqam olub.

Eksperiment üçün təbii səbəblərdən ölən heyvanlar götürülüb. Monoqam və poliqam lemurların beyinlərində vazopressin və oksitosin reseptorlarının paylanılması müqayisə edilib. Müqayisə təkcə lemurların arasında deyil, həmçinin digər meymunlar və çöl siçanı ilə aparılıb. Məlum olub ki, lemurlarda bu reseptorların yerləşməsi və sıxlığı digər primatlarda və çöl siçanlarında olandan fərqlənir. Belə ki, “sevgi və sadiqlik neyromediatorları” digər neyron zəncirlərinə və sinir mərkəzlərinə təsir göstərir. Hətta bu fərq lemur növləri arasında olub. Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc edilib. Əldə olunan nəticələr müəyyən neyromediatorlar üçün reseptorların paylanma xüsusiyyətlərindən xəbər verir.

Tədqiqatçılar eksperimenti canlı lemurlar üzərində aparmağı, onlarda oksitosin reseptorlarını bloklamaqla bu canlıların “münasibətlərində” nə baş verəcəyini müşahidə etməyi planlaşdırırlar. Lakin nəzərə almaq lazımdır ki, cütlüyün bir yerdə uzun müddət yaşaması ümumilikdə mürəkkəb prosesdir.

AzərTac

http://science.gov.az/news/open/16038