НОВОСТИ
2746

2018.05.25

Görkəmli alim, akademik Seyfəddin Əliyevin həyat və yaradıcılığına həsr olunan yığıncaq keçirildi

Bu gün  AMEA-nın Zoologiya İnstitutunda görkəmli alim, akademik Seyfəddin Əliyevin həyat və yaradıcılığına həsr olunan yığıncaq keçirildi.

Yığıncağı giriş sözü ilə institutun direktoru Elman Yusifov açaraq Azərbaycanda zoologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr vermiş Seyfəddin Əliyevin yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xüsusi xidmətlərindən bəhs edib. 

Uzun illərin gərgin əməyi nəticəsində S.Əliyev Azərbaycanda 13 yarımfəsiləyə  və 217 cinsə mənsub 709 növ, 16 yarımnöv 84 forma aşkar etmişdir. Bunlardan 445 növ, 75 forma Azərbaycanın sovka faunası, 67 növü keçmiş SSRİ-nin ərazisi üçün yeni olmuşdur. Aşkar olunmuş növlərdən 33 növ Azərbaycanın, 32 növü isə Qafqazın endemikidir.

S.Əliyev ilk dəfə olaraq aşkar etdiyi 709 və 16 yarımnövün ekoloji-faunistik icmalını, onların zonalar, biotoplar, ekoloji  qruplar üzrə yayılmasını, formalaşmasını, zoocoğrafi analizini, qida əlaqələrini, zərərli növlərin bioekologiyasını öyrənmişdir. O, ilk dəfə olaraq 61 növün zərərli olmasını müəyyənləşdirmişdir ki bunlardan 16 növü kənd təsərrüfat bitkilərinə, 33 növü Böyük və Kiçik Qafqazın meşə, meyvə və kol bitkilərinə, 12 növü isə dağlıq rayonlarında meşə ağaclarına zərər verdiyini aşkar etmişdir.

S.Əliyev pambıq sovkasının sayını təbiətdə tənzimləyən 21 növ parazit, 12 növ yırtıcı cücünün sovkanı tələf etməkdə rolunu müəyyən etmiş və bu tədqiqatın nəticəsi inteqrasiya mübarizə üsulu kimi təsərrüfatlarda tədbiq olunmuşdur.

O, uzun illər apardığı tədqiqat materialları əsasında pambıq sovkasının pambıqçılıq rayonlarında yayılma dərəcəsini əks etdirən, həmçinin texniki və bostan bitkilərinin kompleks zərərvericilərinə həsr olunmuş xəritələr tərtib etmişdir.

2013-cü ildə çapdan çıxan Azərbaycanın “Qırmızı kitabı”nda 52 növ nadir və nəsli kəsilməkdə olan kəpənəklər haqda yazılmış məlumatların tərtibçisi olunmuşdur ki, bunlardan 21 növü sovkalardır.

S.Əliyev 168 elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, təsərrüfat işçilərinə kömək məqsədilə yazılmış 4 kitabın, 3 elmi-kütləvi kitabçanın, 10 cildlik «Azərbaycan ensiklopediyası»nda dərc olunan 50 məqalənin müəllifidir. O, həmçinin V.A.Dogelin 55 çap vərəqi həcmində olan «Onurğasızlar zoologiyası» dərsliyini Azərbaycan dilinə tərcümə edən müəlliflərdən biridir.

Professor Seyfəddin Əliyev elmi fəaliyyəti ilə yanaşı gənc kadrların hazırlanmasında da öz köməkliyini əsirgəməmişdir. Onun rəhbərliyi altında 3 elmlər doktoru və 9 elmlər namizədi müdafiə etmişdir. O, vaxtaşırı bir çox ölkələrdən gələn  Moskva, Sankt-Peterburq, Kiyev, Novosibirsk, Estoniya, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Dağıstan, İran, Türkiyə və Fransadan vaxtaşırı gələn aspirant və elmi işçilərə elmi məsləhətlər vermiş, onların namizədlik və doktorluq dissertasiyalarına opponent olmuşdur

S.Əliyev ali məktəblər üçün yazılmış 9 dərsliyin, 2 dərs vəsaitinin, 6 monoqrafiyanın, 4 kitabçanın redaktoru və Azərbaycan dilinin izahlı lüğətinin IV cildində verilən zoologiya və entomologiya terminlərinin tərtibçisidir.

Entomologiya elminin inkişafında çoxillik fədakar əməyinə görə AMEA-nın Rəyasət Heyəti tərəfindən 4 dəfə (2000, 2005, 2010, 2015) fəxri fərmanla təltif olunmuşdur.

S.Əliyev Zoologiya və entomologiya elminin inkişafındakı nailiyyətləri və xidmətlərinə görə 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Tədbirin sonunda Parazitologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qara Fətəliyev, biologiya üzrə elmlər doktoru Canbaxış Nəcəfov görkəmli alimlə bağlı xatirələrini bölüşdülər.

Sonda akademik Seyfəddin Əliyevin həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş edildi.