НОВОСТИ
3389

2017.12.12

AMEA Zoologiya İnstitutunun gənc alimləri TÜBİTAK BİDEP tərəfindən dəstəklənən treninqdə iştirak ediblər

AMEA Zoologiya İnstitutunun gənc alimləri, Zooloji muzeyin müdiri Səbinə Bünyatova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Tağıyeva və Quru onurğalıları laboratoriyasının kiçik elmi işçisi Aqil Haxıyev 26 noyabr–3 dekabr tarixlərində Afyonkarahisar şəhərinin Sandıklı ərazisində yerləşən Ağdağ Təbiət Parkında TÜBİTAK BİDEP tərəfindən dəstəklənən və Süleyman Dəmirəl Universiteti tərəfindən yerinə yetirilməkdə olan  “Doğa Bilimlerinde Arazi ve Kamp Teknikleri” adlı treninqdə iştirak ediblər. Treninq müddətində qorunan təbiət əraziləri, su hövzələri, biotoplar və vəhşi heyvan populyasiyaları, təbii ərazilərdə yerinə yetirilən kamp texnikaları, təbiətdə vəhşi heyvanlara göstərilən ilk tibbi yardım, vəhşi həyatın öyrənilməsi zamanı anketlərin doldurulması, fiziki coğrafi xəritədən istifadə etmək üsulları və ərazidə səmt tapma metodları (orieenting), həşəratların, reptililərin, quşların, məməlilərin ekologiyası və təyini, biosiyasi fəaliyyətlər haqqında məlumatlar əldə etmiş və təbiət parkı ərazisində çöl şəraitində  həyata keçirilən praktiki dərslərdə təcrübə qazanmışlar. Eyni zamanda Türkiyəli magistr və doktorantlar üçün Səbinə Bünyatova “Azərbaycanın onurğalılar faunası”, Könül Tağıyeva isə “Azərbaycanın daxili su ekosistemlərinin faunası” adlı seminarlar vermişlər. Seminarlarda müəllim heyəti də iştirak etmiş, suallar vermiş və cavablandırılmışdır. Treninqin sonunda imtahan keçirilmiş və nəticələr alındıqdan sonra iştirakçılara sertifikatlar təqdim edilibdir. 4-5 dekabr 2017-ci il tarixlərində institutun əməkdaşları İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetinin Orman fakültəsinin dekanı Prof. Dr. Hüseyin Fakir, “Bölge Avcılık ve Yaban Hayatı” Şöbəsinin müdiri Hasan Uysalla görüşmüş, gələcək lahiyələr və işlər haqqında danışıqlar aparmışlar.