НОВОСТИ
3409

2017.11.29

Zoologiya İnstitutunun işçisinin dissertasiya işinin müdafiəsi keçirilib

AMEA Zoologiya İnstitutunun Dissertasiya Şurasında Quru onurğalıları laboratoriyasının elmi işçisi Gülbəniz Qasımovanın “Böyük Qafqazın Azərbaycan hissəsində amfibilərin biomüxtəlifliyi və bioekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.

Gülbəniz Qasımovanın dissertasiya işi müasir ekologiyanın qarşısında duran mühüm məsələlərdən biri olan biomüxtəlifliyin öyrənilməsi və qorunub saxlanması mövzusuna həsr edilib.

Tədqiqatçı Böyük Qafqaz təbii vilayətində 8 növ amfibinin yayıldığını müəyyən edib. Hər bir növün Coğrafi İnformasiyalar Sistemi (CİS) bazasında  elektron kadastr xəritəsini hazırlanıb. Azərbaycanın "Qırmızı Kitabı"na və BTMİ-nin “Qırmızı Siyahısına” daxil edilən Pelodytes caucasicus növünün MaxEnt proqramı vasitəsilə yayılma modeli hazırlanıb. Müəyyən edilib ki, Azərbaycan ərazisində bu növ üçün əlverişli yaşayış sahəsi məhduddur.

Müəllif tərəfindən 8 növ amfibinin bioekoloji xüsusiyyətləri, onların tədqiqat ərazisində landşaftlar, biotoplar və hündürlük qurşaqları üzrə paylanması ətraflı öyrənilib. Əldə olunan nəticələr regionda biomüxtəlifliyin qorunub saxlanması üçün tədbirlərinin həyata keçirilməsi işində baza məlumatı kimi istifadə oluna bilər.