7440

Xəzər suitisi

Dünya okeanının ən xırda suitisi kimi “Ginnes” in recordlar kitabına düşmüş yeganə kürəkayaqlı növüdür. Xəzər suitinin uzunluğu 120 – 140 sm - ə, kütləsi 40–80 kq–a çatır. Erkəklər dişilərdən bir qədər iridir. Rəngi güclü şəkildə dəyişkəndir. Erkəklərin bədənində çoxsaylı, müxtəlif ölçülü və formatlı, pərakəndə şəkildə bütün bədənə səpələnmiş tünd xallar vardır. Dişilər daha tutqun rəngli olub xalları yayğın və az kontrastlıdır.

Arealı bütün Xəzər akvatoriyasını əhatə edir. Adətən onlar şirinləşmiş çay suyundan qaçırlar. Qış dövründə Şimali Xəzərdə populyasiyanın 90% -ə qədəri cəmlənir. Buzların üstündə kiçik yataqları əmələ gəlir. Dişilər buzun üstündəki deşiklərin yanında durub bu dövrlərdə qidalanmırlar. Tək–tək doğuş halları artıq yanvarın birinci ongünlüyündə müşahidə edilir. Kütləvi doğum dövrü yanvarın 25-dən fevralın 5-ə qədər baş verir. Cütləşmə suda baş verir.

   

Yaxın vaxta qədər belə hesab edilirdi ki, Xəzər suitisinin ömrü 10-12 il, cinsi yetkinliyi isə bir çox quru yırtıcılarında olduğu kimi 2-3 yaşında baş verir. Yaşın müəyyən edilməsi üçün dəqiq üsullar tətbiq edən D.V.Hacıyev və T.M.Heybətov onun maksimal ömrünü 50 il müəyyən etmişlər. Dişilər cinsi yetkinliyə 7, erkəklər isə 8-9 yaşlarında çatırlar.

İlin müxtəlif fəsillərində suitinin qidalanması əsasən ançousşəkilli, irigöz və adi kilkələrdən ibarətdir. Başqa balıq növləri və xırda xərçəngkimilər ikinci dərəcəli rol oynayır.