XƏBƏRLƏR
3252 Arxiv

2017.10.25

AMEA-da Davamlı İnkişaf Məqsədlərinə dair tədbir keçirilib

24-25 noyabr 2017-ci il tarixlərində Bakıda “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans BMT-nin Qlobal Saziş Layihəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və "Azərsu"ASC-nin təşkilatı dəstəyi ilə baş tutacq.

Bu məqsədlə AMEA-nın Fəlsəfə İnstitutunda konfransın təşkilat komitəsinin iclası keçirilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək Azərbaycanın güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlət olduğunu bildirib. Qeyd edib ki, son illərdə bu məqsədlə bir çox dövlət proqramları qəbul edilib və uğurla icra olunub.

Sözügedən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin dünyada ölkəmizə verilən dəyər olduğunu söyləyən H.Qurbanov konfransda fundamental  davamlı inkişaf üçün innovasiya və texnologiyanın  rolu, elm və təhsil, Davamlı İnkişaf Məqsədlərində informasiya  kommunikasiya texnologiyalarının  rolu və digər mövzularda müzakirələrin aparılacağını söyləyib.

Tədbirdə konfransın təşkilat komitəsinin sədri Xəyalə Məmmədova çıxış edərək BMT-nin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin qəbul edildiyi bildirib. O, davamlı inkişafın əsas məqsədinin yoxsulluğun aradan qaldırılmasını, planetin qorunmasını təmin etmək üçün həyata keçirilən universal çağırış olduğunu söyləyib. Qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədi iqlim dəyişikliyi, iqtisadi  bərabərsizlik, yenilik, davamlı istehlak, sülh və ədaləti əhatə edən 17 hədəfdən ibarətdir.

X.Məmmədova Bakıda keçiriləcək konfransda bu sahədə fəaliyyət göstərən yerli və xarici təşkilatların nümayəndələrinin iştirak edəcəyini, Davamli İnkişaf Məqsədlərilə bağlı  yaranan  çətinliklər ətrafında müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nümayəndəsi Elmir İbrahimov, "Azərsu" ASC-nin rəsmisi Taliyə İsmayılova və digərləri çıxış edərək ərzaq təhlükəsizliyi, təmiz su, iqlim dəyişikliyi problemləri üzrə ölkəmizdə aparılan islahatlardan danışıblar. 

Sonda konfransın rəsmi saytı təqdim olunub.

http://science.gov.az/news/open/6477