XƏBƏRLƏR
3663 Arxiv

2017.09.15

Tanınmış bioloq alim İbrahim Əzizovun anadan olmasının 70 illiyi qeyd edilib

Sentyabrın 15-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu qurumun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, “Şöhrət” ordeni laureatı,  AMEA-nın müxbir üzvü İbrahim Əzizovun 70 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Molekulyar Biologiya və Biotexnologiya İnsitutunun direktoru, akademik İradə HüseynovaBotanika İnsitutunun direktoru, akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Novruz Quliyev və başqaları çıxış edərək Azərbaycanın görkəmli bioloq alimi İ.Əzizovun həyat və elmi fəaliyyətindən söhbət açıblar, onu 70 illik yubileyi münasibətilə təbrik ediblər. Bildirilib ki, fotosintezin fiziologiyası sahəsində tanınmış mütəxəssis olan İ.Əzizovun elmi fəaliyyəti müxtəlif buğda genotiplərinin fotosintez qabiliyyətinin tədqiqinə həsr olunub. O, mühitin qeyri əlverişli amillərinin, o cümlədən, yüksək temperatur, quraqlıq və şoranlığın müxtəlif buğda genotiplərinin xloroplastlarına və məhsuldarlığına təsirini tədqiq edib.

Qeyd olunub ki, alimin elmi yaradıcılıq fəaliyyəti pedaqoji fəaliyyəti ilə üzvi surətdə bağlıdır. O, 1985-ci ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində ixtisas dərslərini aparır, gənc kadrların hazırlanmasında fəal iştirak edir. Elmdə əldə etdiyi nailiyyətlərə görə İ.Əzizov 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Sonda alimin həyat və yaradıcılığından bəhs edən “Şərəfli alim ömrü” adlı qısametrajlı film nümayiş etdirilib.

http://science.gov.az/news/open/6346