XƏBƏRLƏR
2953 Arxiv

2018.06.29

Azərbaycan-Çin elmi əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı müzakirələr aparılıb

İyunun 29-da Çin Mühəndislik Akademiyasının keçmiş icraçı vitse-prezidenti, akademik Pan Yunhenin başçılıq etdiyi nümayəndə heyəti AMEA Rəyasət Heyətində olub.

Nümayəndə heyətinə Çin Mühəndislik Akademiyası, Çin Mexaniki Mühəndislik Cəmiyyəti, Zhejang Universiteti, Shanghai Jiao Tong Universitetinin nümayəndələri (vitse-prezident, professor, layihə rəhbəri) daxil olublar.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdə burada aparılan tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, 1945-ci ildən fəaliyyətə başlayan bu elm ocağında çalışan alimlər ayrı-ayrı sahələr üzrə mühüm tədqiqatlar aparıb, dünya elminə dəyərli töhfələr veriblər. O, hazırda akademiyada 6 elmi bölmənin fəaliyyət göstərdiyini, bu müəssisələrdə multidissiplinar problemlərin araşdırıldığını, innovativ layihələrin həyata keçirildiyini deyib.

Akademik A.Əlizadə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə AMEA-da elmin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də bütövlükdə cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

“Azərbaycan dünyanın inkişaf etmiş neft ölkəsidir”, – deyə bildirən alim 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulmuş Azərbaycanın neft strategiyasının qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkanlar yaratdığını qeyd edib.

A.Əlizadə AMEA-da ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi barədə də məlumat verib. Bildirib ki, əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır. Akademiyanın magistratura pilləsində təhsil alan tələbələr elmi laboratoriyalarda təcrübə keçir, elmin son nailiyyətləri ilə tanış olur, görkəmli alimlərlə ünsiyyət qururlar.

Qonaqlara AMEA Yüksək Texnologiyalar Parkı haqqında məlumat verən alim bildirib ki, belə bir müəssisənin yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyini artırmaqdır.

Azərbaycan-Çin elmi əlaqələrindən söz açan A.Əlizadə Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə olan görüşü və imzalanmış əməkdaşlıq müqaviləsini xatırladıb. Alim Çin Mühəndislik Akademiyası ilə də müvafiq sahələrdə əlaqələrin qurulmasının hər iki elmi qurumun gələcək fəaliyyətinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

A.Əlizadə AMEA-da fəaliyyət göstərən alimlərin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətinin stimullaşdırılmasının əsas hədəflərdən olduğunu bildirərək, Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə “AMEA-nın professoru” elmi adının təsis edildiyini diqqətə çatdırıb. O, həmçinin qonaqlara geologiya, seysmologiya, neft-kimya, kimya texnologiyaları sahələrində əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. AMEA-da biofizika, biotibb, bioinformatika, biotexnologiya və digər prioritet istiqamətlərdə yeni tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Akademiya prezidenti ölkəmizdə uzun illərdir ki, vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını, bütün dünya üzrə mövcud 3000-dən artıq vulkanın 400-nə Azərbaycanda rast gəlindiyini diqqətə çatdırıb. O, Çin Mühəndislik Akademiyasından olan nümayəndə heyətini rəhbərlik etdiyi qurumun elmi müəssisə və təşkilatları ilə yaxından tanış olmağa dəvət edib.

Sonra çıxış edən Çin Mühəndislik Akademiyasının keçmiş icraçı vitse-prezidenti, akademik P.Yunhen AMEA-da həyata keçirilən layihələri, burada çoxaspektli problemlər üzrə aparılan tədqiqatları yüksək qiymətləndirib.

P.Yunhen təmsil etdiyi qurum haqqında da məlumat verərək, bu elmi müəssisədə 9 bölmənin fəaliyyət göstəridiyini, 870 akademikin çalışdığını bildirib. Qeyd edib ki, Çin Mühəndislik Akademiyasında süni intellekt, nanotexnologiyalar, robot texnikası, mühəndislik, həyat elmləri və digər yeni sahələrdə elmi tədqiqatlar aparılır.

AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq müvafiq sahələrdə kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib. O, Çin təcrübəsinin öyrənilməsi üçün lazımi köməklik göstərməyə hazır olduğunu vurğulayıb.

P.Yunhen çıxışının sonunda AMEA rəhbərini nümayəndə heyəti ilə birgə Çin Mühəndislik Akademiyasının strukturu və laboratoriyaları ilə tanış olmaq üçün Pekinə dəvət edib.

Görüşdə, həmçinin Azərbaycan-Çin elmi əlaqələrinin möhkəmləndirilməsi, ardıcıl birgə fəaliyyətin təşkili və müştərək layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə çəkli çəkilib.

http://science.gov.az/news/open/8317