XƏBƏRLƏR
3215 Arxiv

2018.06.12

AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni molekulyar biotexnologiyaya dair elmi məruzə dinlənilib

Yüksək Texnologiyalar Parkında Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov “Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda elmi məruzə ilə çıxış edib.

Alim məruzəsində bildirib ki, vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindəndir. Qeyd edib ki, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və digərləri vasitəsilə həyata keçirilir.

Alim son illərdə bitki ekspressiya sistemlərinin iqtisadi və təhlükəsizlik baxımından perspektivli olduğu üçün istehsalda daha çox istifadə edildiyini söyləyib: "Müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti də yaranır. Bu məqsədlə daha mükəmməl texnologiyalar hazırlanır".

T.Məmmədov ilk dəfə olaraq bu texnologiyadan istifadə etməklə malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksinin əldə olunduğunu vurğulayıb.

Məruzəçi alınan nəticələrin patentləşdirildiyini və nüfuzlu “PLOS ONE” jurnalında çap olunduğunu deyib. Həmçinin bildirib ki, bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır.

Professor rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini diqqətə çatdırıb: "İnsan və heyvanlar üçün qiymətli dərman preparatlarının bu yolla istehsalı ölkəmizin bu məhsulların idxalından asılılığını azaldacaq".

Məruzə dinlənildikdən sonra Yüksək Texnologiyalar Parkında rekombinant zülalların, qiymətli dərman preparatlarının istehsalının iqtisadi səmərəliliyi haqqında təkliflər bildirilib.

http://science.gov.az/news/open/8203