XƏBƏRLƏR
3189 Arxiv

2018.06.01

Monqolustan Elmlər Akademiyasının prezidenti AMEA YT Parkın fəaliyyəti ilə tanış olub

Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdelin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait və potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra AMEA-nın “Təcrübə-Sənaye Zavodu “ MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib.

AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevlə görüşdə qonaqlara ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir.

Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini söyləyən V.Babayev bu elmi qurumda elm və biznesin inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra akademik D.Reqdel çıxış edərək rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, əsası 1961-ci ildə qoyulan Monqolustan Elmlər Akademiyasında elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Akademik müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyini qeyd edib.

http://science.gov.az/news/open/8127