XƏBƏRLƏR
3013 Arxiv

2018.04.20

AMEA-nın magistrantları üçün “İnnovasiya və Təşəbbüskarlıq” mövzusunda seminar keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) və Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin təşkilatçılığı ilə akademiyada magistratura təhsili alan tələbər üçün “İnnovasiya və Təşəbbüskarlıq” mövzusunda seminar keçirilib.

YT Parkın Biznes İnkubasiya Mərkəzində baş tutan seminarda Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev çıxış edərək bu cür tədbirin ilk dəfə keçirildiyini bildirib. Şöbə rəisi magistrantlar üçün növbəti aylarda müxtəlif mövzularda seminarların keçiriləcəyini diqqətə çatdırıb.

Sonra YT Parkın Biznes İnkubasiya Mərkəzinin müdiri Vüsal Süleymanlı çıxış edərək təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, mərkəz gənclərin məşğulluğunun artırılması və onların sahibkarlıq ideyalarının dəstəklənməsi məqsədilə fəaliyyət göstərir. O, innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərdən ibarət komandaların mərkəzə cəlb olunduğunu söyləyib, onların burada bizneslərini qurmaq üçün inkubasiya və digər proqramlarından yararlandığını bildirib.

V.Süleymanlı AMEA YT Parkın ölkəmizin innovasiya ekosisteminin inkişafı istiqamətində fəaliyyəti, gənclərdə təşəbbüskar yanaşmanın inkişafı məqsədi ilə icra etdiyi layihələr haqqında da məlumat verib.

O, daha sonra “İnnovasiya və Təşəbbüskarlıq” mövzusunda məruzəsini təqdim edib. V.Süleymanlı yüksək texnologiyalar sahəsində innovativ düşüncəyə malik insanların, xüsusilə gənclərin uğur əldə etməsində texnoparkların böyük rolu olduğunu vurğulayıb: "Texnoparkların daxilində fəaliyyət göstərən texnoloji biznes inkubatorlar mövcud ideyanı layihəyə çevirmək, həmin layihəni inkişaf etdirərək bazara çıxarmaq yollarını startapçılara göstərərək onları doğru istiqamətləndirirlər".

Təşəbbüskar düşüncə tərzinin inkişaf etdirilməsi mövzusunu əhatə edən seminarda iştirakçıların YT Parkın Biznes İnkubasiya Mərkəzindən faydalanması üçün çağırış edilib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

http://science.gov.az/news/open/7803