XƏBƏRLƏR
3284 Arxiv

2018.03.14

Kainatı kəşf edən dahi Stiven Hokinq 76 yaşında vəfat edib

İngiltərənin dünyaca məşhur fizik-nəzəriyyəçi alimi Stiven Hokinq 76 yaşında Kembricdə vəfat edib.

S.Hokinq 1942-ci ildə İngiltərənin Oksford şəhərində anadan olub. O, 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olmağa başlayıb. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. Əlil arabasında həyatını davam etdirən alim 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini də itirir. S.Hokinq həmin dövrdən etibarən əlil arabasına quraşdırılmış sözləri nitqə çevirən aparat vasitəsi ilə ünsiyyət saxlamağa başlayır.

Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədar olub. Yer kürəsinin və kainatın yaranması və bu günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz S.Xokinqə məxsusdur. Alim sübut edib ki, qara dəliklər Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar". S.Hokinqə görə, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənməyə davam edir. Kainatın genişlənməsi ilə nizamsızlıq artır, bu isə gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəyyən edir. Əgər kainat sıxılsaydı, zamanın gedişi istiqamətini dəyişər və insanlar getdikcə gəncləşərdilər. Bu isə "Böyük partlayış"ın əksi olan "Böyük sıxılma" nəticəsində kainatın məhvinə gətirərdi.

Hokinq dünyada elmin məşhurlaşdırılmasında ən fəal iştirak edənlərdən biri olub. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirib. Alim, həmçinin "Qara dəliklər və yeni kainatlar"(1993), "Dünya iki kəlmə ilə" (2001) kitablarının da müəllifidir.

Alimi son illərdə dünyada daha çox məşhurlaşdıran isə onun yadplanetlilərin mövcudluğu ilə bağlı çıxışları olub. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz var və bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. S.Hokinq, o cümlədən  yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyini də dəfələrlə bildirib.

Bu gün Xokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Albert Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə vermiş alim kimi söz açırlar.

Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu "Lukasian" professorluğu vəzifəsini tuturdu.

O, dünyanın 100 ən ağıllı insanından biri kimi qəbul edilirdi.

http://science.gov.az/news/open/7577