XƏBƏRLƏR
3356 Arxiv

2018.02.12

Azərbaycan Xalq Cümhuriyyəti - İran diplomatik münasibətlərinin tarixinə dair mühüm mənbə

Məlum olduğu kimi, 2017-ci ilin 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradılmasının 100 illik yubileyinin qeyd edilməsinə dair sərəncam imzalanmışdır. Müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu nəzərə alsaq, sözügedən sərəncam tarixi vərəsəlik prinsipinin qorunub saxlanılması, onun gələcək nəsillərə ötürülməsi baxımından, heç şübhəsiz ki, böyük siyasi əhəmiyyət kəsb edir. Dövlət başçısının bu qərarı müvafiq dövlət strukturları qarşısında müvafiq tədbirlərin təşkilinə dair bir sıra vəzifələr qoymaqla yanaşı, həm də bütün Azərbaycan ictimaiyyətinin diqqətini bir daha tariximizin bu şanlı hadisəsinə, onun mahiyyətinə yönəltmiş oldu. Təbii ki, belə bir şəraitdə ən böyük məsuliyyət yenə də Azərbaycan tarixşünaslığının və ziyalılarımızın öhdəsinə düşür. İlk növbədə ona görə ki, gələcək nəsillərin Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə oynadığı müstəsna rolu aydın şəkildə dərk etməsi üçün onları bu dövlətin fəaliyyətinə ən kiçik təfərrüatlarına qədər işıq tutacaq sənədlərlə, tədqiqat işləri və digər zəruri mənbələrlə təmin etmək məhz tarixçilərimizin və mənbəşünaslarımızın həll etməli olduğu vəzifələrdir.

Ədalət naminə qeyd etməliyik ki, XX əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin zəngin irsinin öyrənilməsi və dünyada təbliği istiqamətində tarixçilərimiz tərəfindən əhəmiyyətli işlər görülmüş, arxiv materiallarının nəşri, cümhuriyyətin ayrı-ayrı görkəmli simalarının həyat və fəaliyyətindən bəhs edən araşdırmaların aparılması istiqamətində nəzərəçarpacaq uğurlar qazanılmışdır. Bütün bunları görməzdən gəlmək, qeyd etməmək təbii ki, doğru olmazdı. Ancaq onu da etiraf etməliyik ki, bütün uğurlara baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin tam dolğunluğu ilə öyrənildiyini demək hələ çox tezdir.

Bu mənada boşluğun hiss edildiyi və müvafiq olaraq öyrənilməsi daha çox diqqət və ardıcıl yanaşma tələb edən istiqamətlərdən birini respublikanın beynəlxalq əlaqələrinin tarixi təşkil edir desək, əsla yanılmış olmarıq. Sirr deyil ki, elan edildiyi andan, yəni 1918-ci ilin 28 may tarixindən işğal edildiyi 1920-ci ilin 28 aprel gününədək Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə tanınmaq uğrunda ağır diplomatik mübarizəyə qatlanmalı olmuş, ancaq bu yolda üzləşdiyi bütün ədalətsizliklərə və yaradılan süni maneələrə baxmayaraq müstəsna tarixi əhəmiyyətə malik siyasi nailiyyətlər qazanmağı bacarmışdır. Məhz həmin diplomatik qələbələrin doğurduğu beynəlxalq tanınmanın nəticəsidir ki, Azərbaycan SSRİ tərkibinə bir vilayət, yaxud muxtar qurum kimi deyil, ayrıca, müstəqil respublika kimi daxil olmuş, formal da olsa 70 illik sovet istilası dövründə öz dövlətçilik atributlarını qoruyub saxlaya bilmişdir. Tam əminliklə deyə bilərik ki, Xalq Cümhuriyyəti liderlərinin, həmçinin XX əsrin əvvəllərində fəaliyyət göstərən ziyalılarımızın, ideoloqlarımızın əzmkar mübarizəsi olmasa idi, 1917-ci il fevral inqilabından sonra yaranmış əlverişli, eyni zamanda mürəkkəb siyasi şəraitdə Azərbaycanda müstəqil, özü də demokratik bir dövlətin yaranması arzu olaraq qalacaqdı. Ən əsası isə əgər həmin dövlət qurulmasa və dünya dövlətləri tərəfindən tanınmasa idi, bu gün mövcud sərhədlər daxilində heç bir müstəqil Azərbaycan Respublikasından söhbət belə gedə bilməzdi. Vurğulanan tarixi həqiqətləri hər bir azərbaycanlı tam mənası ilə qavramalı və heç zaman unutmamalıdır. Deyilənləri nəzərə aldıqda, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixinin hərtərəfli, müfəssəl tədqiqinin zəruriliyi özünü daha qabarıq göstərir. Xalq Cümhuriyyətinin xarici siyasətinin öyrənilməsinin vacibliyindən danışarkən bir mühüm məsələni də unutmamalıyıq ki, sözügedən dövrün hadisələri o qədər də uzaq tarix deyil və o zaman cərəyan etmiş proseslərin bir çoxu müasir dövrümüzlə açıq-aşkar səsləşməkdədir.

Həmin tarixin ibrətamiz səhifələri sırasında İranla münasibətlər heç şübhəsiz xüsusi yer tutur ki, bunun da bir sıra səbəbləri var. İlk olaraq onu qeyd etmək lazımdır ki, İranla münasibətlər Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti boyunca onun xarici siyasətinin ən mürəkkəb istiqamətlərindən birini təşkil etmiş və çoxsaylı çətinliklər, mübahisə və gərginliklərlə müşayiət olunmuşdur. Demokratik Respublika öz müstəqilliyini 1918-ci ilin 28 mayında elan etsə də, İran Qacarlar dövləti müsəlman ölkəsi olmasına baxmayaraq uzun müddət Azərbaycanın istiqlalının tanınması məsələsində gözləmə mövqeyi seçməyə üstünlük verdi. Bəli, danılmaz tarixi həqiqətdir ki, Azərbaycanın öz müstəqilliyini elan etdiyi tarixi şəraitdə demək olar ki, heç kəs onun gələcəyinə inamla yanaşmırdı. Xüsusilə də ölkə ərazisinin əhəmiyyətli qisminin daşnak-bolşevik qüvvələrinin nəzarətində olması, Azərbaycan istiqlalının yaşayıb-yaşamayacağına dair ciddi suallar doğururdu. Bu mənada digərləri kimi İranın da, gözləmə mövqeyi seçməsi, hadisələrin inkişafını izləməyə üstünlük verməsi siyasi maraqlar baxımından müəyyən mənada başadüşüləndir. Ancaq 1918-ci ilin 15 sentyabrında Azərbaycan əsgərlərinin Qafqaz İslam Ordusu ilə birgə apardığı uğurlu əməliyyatlar nəticəsində Bakıya daxil olmasından və ölkə ərazisində nəzarəti təmin etməsindən sonra müsəlman İranının Qərb ölkələri kimi dövlətimizin istiqlalına biganə qalması o dövrdə olduğu kimi indi də anlaşılan deyil.

Azərbaycan hökuməti İranla əlaqələrin qurulması üçün uzun müddət cidd-cəhdlə çalışsa da, bu təşəbbüslər İran tərəfinin irəli sürdüyü müxtəlif bəhanələr səbəbindən yarımçıq qalırdı. İlk vaxtlar Qacar məmurları Xalq Cümhuriyyətini tanımamaqlarının səbəbini dövlətin adı ilə daha doğrusu “Azərbaycan” sözünün onlar üçün doğurduğu siyasi narahatçılıqla izah edirdilər. Onlar mövqelərini bununla əsaslandırırdılar ki, Azərbaycan İranın şimalında yerləşən və mərkəzi Təbriz olan tarixi bir bölgənin adı olduğu üçün, bu toponimin Qafqazda yerləşən, qaynaqlarda isə Arran kimi qeyd edilən əraziyə şamil edilməsi yolverilməzdir. Lakin hadisələrin sonrakı təhlili göstərir ki, iranlıların səsləndirdikləri arqumentlər səbəbdən çox bəhanə səciyyəsi daşıyırdı. Əslində isə, İran Xalq Cümhuriyyətinin yaranmasına ehtiyatla yanaşır, ona 1828-ci ildə ikiyə bölünmüş Azərbaycan torpaqlarının tarixi perspektivdə birləşməsinə təkan verə biləcək siyasi və ideoloji təhlükə kimi baxırdı. Lakin İranın tutduğu mövqeyə baxmayaraq, Azərbaycan diplomatiyası kifayət qədər təmkinlə və uzaqgörənliklə hərəkət edir, bütün mümkün vasitələrdən bəhrələnməyə çalışırdı.

Xalq Cümhuriyyətinin ideoloqları, görkəmli dövlət xadimləri ilk növbədə İranın hakim dairələrini sakitləşdirəcək, onların Azərbaycana dair şübhələrini dağıdacaq mütəmadi yazı və bəyanatlarla çıxış etməyə başladılar. Həmin çıxışlarda Azərbaycanın qətiyyən İranın ərazi bütövlüyünü şübhə altına almaq niyyətinin olmadığı, ölkəmizin qonşularının sərhədlərinə hörmətlə yanaşdığı xüsusilə vurğulanırdı. Məsələn, Xalq Cümhuriyyətinin əsas qurucularından və ideoloqlarından olan Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetinin 28 aprel 1919-cu il tarixli (№168) sayında dərc edilmiş “Azərbaycan və İran” adlı məqaləsində Azərbaycan adının sırf tarixi bağlılıq amillərinin qorunması, mənəvi, mədəni bağların həmişəlik qopmaması naminə seçildiyini vurğulamış, İranın bu səbəbdən hansısa gizli siyasi məqsədlər, yaxud təxribat və iddialar axtarmasını mənasız hesab etmişdi. Məhəmməd Əmin Rəsulzadə İran hakimiyyətinə yaxın qəzetlərdə səslənən iddiaları təkzib edərək yazırdı:

“İran qəzetlərincə bizim, Qafqasiyanın bir qismindən ibarət olan məmləkətimizə Azərbaycan ismi verməgə həqqimiz yoxdur. Bu, İranın minəlqədim vilayəti kibi tanınan Azərbaycan əyalətinin həqqidir. Biz burada tarix, irq və coğrafiyaca Azərbaycan ismini daşımağa haqlı olub-olmadığımızı isbat və bu münasibətlə “İran” rəfiqi-möhtərəmimizin adla və istidlalata həqqindəki mülahizələrimizi bəyan etmədən istəriz: Biz istərdik İran mətbuatı burasına diqqət etsin ki, Qafqasiyadakı azərbaycanlılar Azərbaycan kəlməsini coğrafi mənasından ziyadə qövmi bir mənada istemal ediyorlar. Dünyada yalnız bir Azərbaycan qitəsi degil, bir də Azərbaycan cəmaət vardır. Bu cəmaət kəndisinə məxsus bir ləhcə ilə qonuşur türk əqvamından bir millətdir ki, “İran” rəfiqimiz bunlara “ətraki-müsəlmani-Qafqaz” diyor. “Ətraki-müsəlmani-Qafqaz”ın bir ədəbiyyatı var ki, adına Azərbaycan ədəbiyyatı denilir. Şairləri o dildə, Azərbaycan dilində və yaxud təbiri-mərufilə, şivəsində yazarlar. Məktəblərində o dili tədris edərlər. Teatrları, operaları o şivədə tərtib edilir. “Ətraki-müsəlmani-Qafqaz” ilə azərbaycanlı təbirinin eyni mənanı ifadə elədiklərini coğrafiya nöqteyi-nəzərindən cərh eləmək mümkün olsa da, qövmiyyat nöqteyi-nəzərindən bunu inkar etmək mümkün deyildir. Zira İrəvan, Gəncə və Bakı quberniyalarındakı “ətrak” ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaraca Dağ mahallarındakı ətrakın bir-birindən nə ilə ayrıldıqlarını bən iyi fərq edəmiyoram. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənənat burada da, orada da hökmfərma, ortada yalnız yüz sənəlik digər bir həyati-siyasiyyə ilə yanaşmanın təsiratı mövcuddur”1. (1 M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919). Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Ş.Hüseynov. Bakı, 2013, səh. 62-63).

Bənzər fikirlər cümhuriyyət diplomatiyasının tanınmış siması, respublikanın Türkiyədəki ilk səfiri, görkəmli ədib və ictimai xadim Y.V.Çəmənzəminlinin (1887-1943) 1919-cu ildə qələmə alınmış “Xarici siyasətimiz” adlı kiçik həcmli əsərində də öz əksini tapmışdır:

“Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki, Təbriz əyalətinin, yəni İran Azərbaycanının iranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək fikrində deyilik; olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır”.1 (1 Y.V.Çəmənzəminli. Xarici siyasətimiz. // Əsərləri (3 cilddə). Bakı, 2005, III cild, səh. 264).

Azərbaycan tərəfinin həyata keçirdiyi uğurlu təbliğat, həmçinin diplomatik kanallar vasitəsilə apardığı inadkar fəaliyyət öz bəhrəsini 1919-cu ilin yazında verməyə başladı. Məhz həmin vaxt tərəflər arasında ilk dialoq cücərtiləri özünü göstərdi. 1919-cu ilin martından etibarən xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti İrana yollanır və uzun müzakirələrdən sonra tərəflər 14 bənddən ibarət razılaşma imzalayırlar. Lakin yenə də İran hakimiyyəti daxilində Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən müəyyən dairələr proseslərə müdaxilə edərək, sazişin ratifikasiya edilməsinə əngəl törədirlər. Ancaq siyasi reallıqlar öz sözünü deyir və tədricən İranda Azərbaycanla hesablaşmağın, onun suveren hüquqlarını tanımağın zəruriliyini anlamağa başlamışdılar. Qoyulan məqsədə çatmaq naminə Azərbaycan hökumətinin öz ixtiyarındakı məcburetmə mexanizmlərindən məharətlə istifadəsi də az rol oynamamışdı. Belə ki, cümhuriyyət rəhbərliyi Azərbaycanın müstəqilliyini tanımaqdan hər vəchlə boyun qaçıran, lakin eyni zamanda ölkəmizin ərazisindən istifadə edərək sərfəli ticarət aparmaq istəyən İrana münasibətdə gömrük prosedurlarını ciddi şəkildə mürəkkəbləşdirdi. Üstəlik Bakıda fəaliyyət göstərən İran tacirlərinin və digər təbəələrinin hüquqi problemlərinin həllindəki bürokratik mexanizmlər də əhəmiyyətli dərəcədə çətinləşdirildi. Doğrudur, bu sətirlər onları oxuyanlara müəyyən qədər qəribə gələ bilər, ancaq gəlin unutmayaq ki, diplomatiyanın nəzakətə söykənən zahiri tərəfi ilə yanaşı dövlətin həyati maraqları uğrunda bütün mümkün vasitələrdən istifadə etməyi tələb edən görünməz üzü də var. Tarixi təcrübə onu da göstərir ki, dövlətin mənfəətləri uğrunda mübarizədə müraciət olunan vasitələrin mənəvi tərəfi arxa plana keçir. Vaxtilə məşhur florensiyalı diplomat və siyasi nəzəriyyəçi Nikkolo Makiavellinin “Tit Livinin birinci dekadası haqqında düşüncələr” əsərində vətənin mənafeləri naminə nə cür hərəkət etməyin lazım olduğuna dair qələmə aldığı fikirlər 500 il əvvəl olduğu kimi indi də aktualdır və bundan sonra da dəyərini həmişə qoruyub saxlayacaqdır:

“O vaxt ki, söhbət vətənin xilasından gedir, nəyinsə haqlı, yaxud ədalətsiz, mülayim və ya qəddar, tərifəlayiq, ya da utancverici olduğuna dair düşüncələri bir kənara atmaq lazımdır. Hər şeyi unudub yalnız vətənin mövcudluğunu və azadlığını qorumaq naminə hərəkət etmək gərəkdir”1. (1 N.Makiavelli. Soçineniə. Moskva-Leninqrad. 1934. Tom I, str. 94). 

Ümumiyyətlə götürdükdə isə, həmin dövrdə Qacar hökumətinin Azərbaycanla münasibətdə müsəlman qardaşlığı və qonşuluq amilindən yox, bilavasitə əhəmiyyətini itirmiş tarixi iddialardan qaynaqlanan mənfəətlərindən çıxış etdiyi halda Xalq Cümhuriyyətinin öz suverenliyini və haqqını qorumaq üçün çalışmasında qəbahət axtarmağın bir mənası varmı? Təbii ki, yox!

Zaman özü də, Azərbaycanın seçdiyi yolun nə qədər düzgün olduğunu göstərdi və Qacarlar məcburiyyət qarşısında qalıb, Xalq Cümhuriyyəti ilə münasibətləri rəsmiləşdirməyin yollarını axtarmağa başladılar. Tədqiqatçılar da, qeyd edirlər ki, İranı belə bir addım atmağa əsasən 2 mühüm səbəb sövq etmişdi:

1. Azərbaycanda yaşayan və fəaliyyət göstərən iranlılar davamlı şəkildə üzləşdikləri bürokratik əngəllər səbəbindən çoxsaylı şikayət məktubları ilə öz hökumətlərinə müraciət edir və yardım istəyirdilər. Tehran məcburiyyət qarşısında qalıb öz təbəələrinin problemlərini aradan qaldırmaq üçün mütləq şəkildə Azərbaycan rəsmiləri ilə ünsiyyət yaratmalı, hüquqi prosedurlar ətrafında razılığa gəlməli idi.

2. Qafqaz, xüsusilə də, Azərbaycan İranın xarici ticarətində mühüm əhəmiyyət kəsb edən, gəlirli istiqamətlərdən biri idi. Bu istiqaməti itirmək iranlı tacirlərin ciddi narazılığına səbəb olar, onları Şah hakimiyyətindən narazı sala bilərdi. Yəni iqtisadi maraqlar da, Azərbaycanla siyasi münasibətləri sahmana salmağı zəruri edirdi.

Beləliklə də İran tərəfi Azərbaycanla diplomatik münasibətlərin yaradılması, tərəflər arasında mühüm hüquqi problemlərin həll edilməsi məqsədilə Bakıya nümayəndə heyətinin göndərilməsinə dair qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik İranın nüfuzlu siyasi qəzeti sayılan “Rəd” nəşrinin rəhbəri Seyid Ziyaəddin Təbatəbaiyə1 həvalə olundu. İran tərəfinin məhz onun namizədliyinə üstünlük verməsi əsla təsadüf deyildi və bu seçimə bir neçə ciddi səbəb təsir göstərmişdi. İlk növbədə Ziyaəddin İranın ictimai-siyasi və dini həyatında daim mühüm rol oynamış Təbatəbai soyadının daşıyıcısı olmaqla nüfuzlu bir nəslin nümayəndəsi idi. Bu soyadın daşıyıcı olan və İran tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdən görkəmli müctəhid Seyid Həsən Təbatəbai Burucerdinin, Məşrutə inqilabının rəhbərlərindən hesab edilən Seyid Muhəmməd Təbatəbainin, məşhur Mərcəi təqlidlərindən Seyid Muhəmməd Təbatəbainin, şiə aləminin ən mötəbər Quran təfsiri “Əl-Mizanın” müəllifi, həmçinin XX əsr İran fəlsəfəsinin parlaq nümayəndələrindən sayılan Seyid Muhəmməd Hüseyn Təbatəbainin adlarını çəkə bilərik. İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin (1919-1980) xanımı Fərəh Təbatəbai - Pəhləvi də məhz bu nəslin nümayəndələrindəndir. Məlumat üçün qeyd edim ki, Təbatəba - şiələrin ikinci imamı Həsən ibn Əlinin (ə.s.) nəvələrindən olan İsmayıl ibn İbrahimin ləqəbi olmuşdur. Onun tam adı isə belə idi - Əbu Əbdullah Muhəmməd ibn İbrahim ibn İsmayıl ibn İbrahim ibn Həsən Musənna ibn imam Həsən ibn imam Əli. “Təba” sözünün mənası bəzilərinə görə baba deməkdir. “Təba təbai” ifadədi isə Azərbaycan dilində “babanın babası” mənasını verir. “Təbatəbai” sözünün seyidlər seyidi, ağalar ağası mənasını daşıdığını deyənlər də var. (1 Ziyaəddin Təbatəbai (1888-1969) - XX əsr İran tarixinin tanınmış siyasi xadimlərindən biri hesab olunur. Gənc yaşlarından siyasətə qoşulan Ziyaəddin Təbatəbai ilk vaxtlar Qacar rejiminə qarşı ifşaedici kəskin məqalələri ilə məşhurlaşmışdı. Avropada iki il təhsil aldıqdan sonra İrana qayıdan Təbatəbainin ovaxtkı baş nazir Vüsuq-əd-Dövlə ilə dostluğu onun karyerasında da əhəmiyyətli irəliləyişə səbəb oldu. Əvvəlcə o ingilislərin maliyyə dəstəyi ilə nəşr olunan “Rəd” qəzetinin redaktoru vəzifəsinə irəli çəkildi, daha sonra 1918-ci ildə isə Çar Rusiyasının süqutundan sonra müstəqillik qazanmış Qafqaz ölkələri ilə diplomatik münasibətlərin yaradılması məqsədilə təsis olunmuş Qafqaz Fövqəladə Komissiyasının rəhbəri postuna təyinat aldı. 1925-ci ildə İranda ingilis komandanlığının bilavasitə dəstəyi ilə baş verən və Qacarların taxtdan salınması ilə nəticələnən dövlət çevrilişinin ardınca Britaniyaya xüsusi rəğbəti ilə seçilən Təbatəbai baş nazir postuna gətirilir. Lakin bu vəzifəni tutduqdan sonra kəskin siyasi islahatlara cəhd göstərməsi, cəmi 93 gün sonra onun məqamını itirməsi ilə nəticələnir. Rza şah Pəhləvinin əmri ilə o, İrandan sürgün edilir və 1942-ci ilə qədər mühacirətdə yaşamalı olur. Vətənə qayıdan kimi Təbatəbai növbəti dəfə siyasətə qoşulur, təsis etdiyi “Rəd” və “Karvan” qəzetlərinin səhifələrində kəskin anti-sovet təbliğatı ilə məşhurlaşır. İngilislərin dəstəyi ilə o bu dövrdə İran parlamentinə üzv seçilməyə də müvəffəq olur. Lakin 1946-cı ildə yenidən siyasi çəkişmələrin qurbanı olan Təbatəbai həbs edilir. 1947-ci ildə ingilislərin təzyiqləri nəticəsində azadlığa buraxılan Təbatəbai 1956-cı ilə qədər siyasətlə məşğul olur. Həmin il o, növbəti dəfə həbs olunur, lakin qısa müddətdən sonra azadlığa buraxılır. Zindandan çıxan Təbatəbai bu səfər siyasətdən həmişəlik uzaqlaşır. Ömrünün sonunadək Tehrandakı bağ evində yaşayan Təbatəbai 1969-cu ildə, 81 yaşında dünyasını dəyişir. Tehranda Nəsirəddin şah məqbərəsində dəfn olunur. Bu kitabın şərhlər və qeydlər bölməsində Ziyaəddin Təbatəbainin həyat yolu və siyasi fəaliyyəti haqqında daha ətraflı məlumat verilmişdir).

Digər tərəfdən, Ziyaəddin Təbətəbai 1917-ci il fevral inqilabından sonra yaranmış siyasi vəziyyəti öyrənmək üçün bir müddət Rusiyada yaşamış və imperiya daxilində mövcud olan etnik problemlərdən, bölgələrdəki, o cümlədən Qafqazdakı vəziyyətdən ətraflı şəkildə məlumat toplamışdır. Üçüncüsü o, İran hakimiyyətinə yaxın nüfuzlu bir nəşrə rəhbərlik etdiyindən ölkədaxili və regiondakı siyasi proseslər haqqında yaxından məlumatlı idi. Qacarların siyasi mətbəxinə bələd olan Təbatəbai İranın maraqlarını daha etibarlı bir şəkildə qoruya bilərdi. Nəhayət, seçimə təsir göstərmiş üçüncü amil Təbətəbainin İranın o vaxtkı baş naziri Mirzə Həsən xan Vüsuq əd-Dövlə ilə yaxın dostluq münasibətlərinin olması idi. 

14 nəfərdən təşkil olunmuş nümayəndə heyətinə Mirzə Musa xan Məfxəm əl-Məmalik, xarici işlər nazirinin katibi Baqer Kazımi, Daxili İşlər Nazirliyinin nümayəndəsi Yusif Muşar, Maarif Nazirliyinin nümayəndəsi Rza Fəhmi, Poçt və Teleqraf Nazirliyinin nümayəndəsi Rəhim Ərcümərd, Maliyyə Nazirliyinin nümayəndəsi Tərcüman əs-Sultan, Ümumi Mənfəət Nazirliyinin nümayəndəsi Məhəmməd Cəfər Mirza və digərləri daxil idi. Diplomatlar 1919-cu ilin 6 noyabr tarixində Qafqaz Merkuri Şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. Onları Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə yanaşı Bakıda yaşayan iranlılar da qarşıladılar. 

İran hökuməti öz nümayəndələrinin qarşısına iki mühüm məqsəd qoymuşdu ki, onlardan birincisi Azərbayan hökumətini regional konfederasiyanın yaradılmasına razı salmaqdan, digəri isə iranlı tacirləri narahat edən gömrük, poçt və qeydiyyat kimi mühüm məsələlərin həllində Bakı ilə razılıq əldə etməkdən ibarət idi. Konfederasiya məsələsinə dair paralel olaraq Paris Sülh Konfransına ezam edilmiş İranın nümayəndəsi Nüsrət əd-Dövlə ilə Azərbaycan Respublikasının nümayəndəsi olan Əlimərdan bəy Topçubaşov arasında danışıqlar həyata keçirilirdi. Nüsrət əd-Dövlə xarici işlər nazirinə vurduğu teleqramda bu istiqamətdə Azərbaycan nümayəndə heyəti və Britaniya xarici işlər naziri olan lord Kerzonla geniş və faydalı müzakirələrin aparıldığını bildirmiş, Bakıya ezam edilmiş komissiyanın bu məsələ ilə daha yaxından məşğul olmasını xahiş etmişdi.

Tərəflər arasında bir neçə ay davam edən danışıqlar nəhayət ki, 1920-ci ilin mart ayında uğurla başa çatır. Danışıqların uğurunu təmin edən başlıca səbəblərdən biri də, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransının nəticələrinə əsasən aparıcı dünya dövlətləri tərəfindən tanınması oldu. 20 mart 1920-ci ildə tərəflər arasında keçirilən sonuncu görüşdə İran tərəfindən tam tərkibdə nümayəndə heyəti, Azərbaycan tərəfindən isə xarici işlər naziri Fətəli xan Xoyski, ədliyyə naziri Xəlil bəy Xasməmmədov, ticarət və sənaye naziri Məhəmməd Həsən Hacınski, yollar və küçələr naziri Xudadat bəy Məlik Aslanov, poçt və teleqraf naziri Cəmo Hacınski iştirak etdilər. Tərəflər 7 sahə üzrə müqavilə imzaladılar:

1. Tranzit; 2. Konsulluq; 3. Poçt əlaqələri; 4. Poçt daşımaları; 5. Gömrük; 6. Teleqraf əlaqələri; 7. Dostluq müqaviləsi.

Razılaşmanın ən mühüm cəhəti İranın Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıması ilə bağlı idi. Nəhayət ki, Azərbaycan diplomatiyası qarşısında duran müşkül vəzifələrdən daha birinin öhdəsindən gəlməyə müyəssər olmuş, Qacarlarla bərabərhüquqlu münasibətlər təmin edilmişdi. İran heyətinin rəhbəri Seyid Ziyaəddin bütün müqavilə və protokolları heyət üzvlərindən biri vasitəsilə baş nazir Vüsuq əd-Dövlənin təsdiqinə göndərdi. Özü isə heyəti Bakıda qoyaraq bir sıra texniki məsələləri həll etmək üçün Ənzəliyə yollandı. O, 19 aprel tarixində Ənzəlidən Tehrana gəldi və dərhal baş nazirlə görüşüb, müzakirələr apardı. Lakin 1920-ci ilin 28 aprel tarixində XI qızıl ordunun Bakını işğal etməsi danışıqların yarımçıq kəsilməsinə səbəb oldu. İmzalanmış müqavilələr ratifikasiya edilmədən arxivə göndərildi. İran Gürcüstan və Ermənistanla da müzakirələr aparıb, bənzər müqavilələr bağlamaq niyyətində olsa da, Azərbaycanla aparılan danışıqların uzanması və sonradan bolşeviklərin bu respublikaları da işğal etməsi Tehranın Qafqazdakı diplomatik fəallığına nöqtə qoydu.

Azərbaycan tarixçiləri mənimlə razılaşarlar ki, barəsində söz açdığımız bu siyasi proseslər tarixşünaslığımızda ümumi şəkildə işıqlandırılmaqdadır və 1918-1920-ci illərdə İran-Azərbaycan münasibətlərini geniş şəkildə, arxiv sənədlərinin işığında oxuculara təqdim edən sanballı tədqiqat işləri isə hələ də gözə dəymir. Bunun başlıca səbəbi isə mövzuya dair söz deməyə imkan verəcək sənədlərin Azərbaycanda elmi dövriyyədən kənarda qalmasıdır. Həmin sənədlər olmadan isə tarixçinin söyləyəcəyi hər hansı fikir söz yığınından və şəxsi mülahizələrdən daha uzağa gedə bilməz.

Heç kəsə sirr deyil ki, müasir dövrdə Azərbaycanın siyasi tarixini, ədəbiyyatını və mədəniyyətini tədqiq edən yerli tədqiqatçılar arasında ilkin mənbələrlə işləmək üçün zəruri olan ərəb və fars dillərini bilənlərin sayı barmaqla sayılacaq qədər azlıq təşkil edir. Belə bir vəziyyətdə isə tədqiqatçılarımızın işini asanlaşdırmaq, onların ilkin mənbələrlə birbaşa təmasını təşkil etmək vəzifəsi mənbəşünaslarımızın öhdəsində qalır. Onların ən kiçik tapıntısı belə tariximizin və mədəniyyətimizin qaranlıq səhifələrinin işıqlandırılması üçün həyati əhəmiyyətə malikdir. Bu mənada qarşımızdakı bu nəşr Azərbaycan mənbəşünaslığı və tarixşünaslığı üçün irəliyə atılmış uğurlu addım hesab oluna bilər. Söhbət yuxarıda haqqında bəhs etdiyimiz İran nümayəndə heyətinin 1919-1920-ci illərdə Azərbaycanla apardığı diplomatik danışıqlarla bağlı arxiv sənədlərinin toplusundan gedir. “Qafqaz fövqəladə komissiyasının sənədləri” adlanan topluda İran Xarici İşlər Nazirliyinin arxivində saxlanılan o dövrə aid məktublar, məxfi hesabatlar, siyasi vəziyyətin təhlilinə dair gizli yazışmalar öz əksini tapmışdır...

Ramiz Mehdiyev, akademik

"Respublika" qəzeti

http://science.gov.az/news/open/7372