XƏBƏRLƏR
3038 Arxiv

2018.01.31

AMEA ilə Fransanın Montpelliye Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Rəyasət Heyətində Fransanın Montpelliye Universitetinin (Université de Montpellier) beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Fransua Hennin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq idi.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə Nizami layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan qonaqları salamlayaraq onları yenidən rəhbərlik etdiyi qurumda görməkdən məmnun olduğunu bildirib. Fransaya ezamiyyəti haqqında məlumat verən alim bu səfərin yüksək səviyyədə keçdiyini qeyd edib. Akademik A.Əlizadə səfər çərçivəsində əməkdaşlıq əlaqələrinin təşkili və həyata keçirilməsinə dair imzalanmış sazişin hər iki ölkənin elmi qurumlarının fəaliyyətinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

AMEA prezidenti rəhbərlik etdiyi qurumda gənclərin elmə cəlb edilməsi, onların beynəlxalq aləmə inteqrasiyası baxımından Avropanın qabaqcıl ali məktəblərindən olan Montpelliye Universitetinin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, iki qurum arasında müxtəlif elmi layihələrin həyata keçirilməsi, azərbaycanlı gənc tədqiqatçıların Fransaya ezam olunması vacib məsələlərdəndir.

Akademik A.Əlizadə bu gün Azərbaycanda biotibb və ekologiya kimi sahələrdə Fransa təcrübəsinin öyrənilməsinin xüsusilə vacib olduğunu qeyd edərək, doktorant və dissertantların bu istiqamətlərdə araşdırma aparmalarının məqsədəuyğun olduğunu vurğulayıb.

Sonra çıxış edən Fransanın Montpelliye Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti F.Henn AMEA ilə əməkdaşlığın təşkili və inkaşında maraqlı olduqlarını bildirib. Qonaq təmsil etdiyi ali məktəbin əsas fəaliyyət istiqamətləri, laboratoriyaları, oradakı tədqiqat prosesi, elmi rəhbərin seçilməsi və s. haqqında ətraflı məlumat verib. Montpelliye Universitetinin təqaüd proqramlarında iştirak edəcək 2 azərbaycanlı doktorant və dissertantı bu universitetin çoxillik təcrübəsindən yararlanmağa dəvət edib.

Qeyd olunub ki, cari ilin may ayında Azərbaycandan olan nümayəndə heyətinin Fransaya növbəti səfəri nəzərdə tutulur. Səfər çərçivəsində Montpelliye Universitetinin laboratoriyaları ilə tanışlıq və müvafiq şəxslərlə görüşlərin təşkili nəzərdə tutulur.

Görüşdə iştirak edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Botanika İnstitutunun Montpelliye Universiteti ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyib. Azərbaycanlı gənc tədqiqatçıların bu universitetdə yeni bioloji texnologiyalar istiqamətində tədqiqatlar aparmasının vacibliyini qeyd edən alim bu texnologiyaların ölkə tibbində tətbiq olunmasının zəruriliyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev də çıxış edərək Montpelliye Universitetində olduğunu, bu ali məktəbin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak etdiyini bildirib. D.Tağıyev həmin universitetdə kimya sahəsində aparılan mühüm tədqiqatlarla tanış olduğunu diqqətə çatdırıb.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevavə İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev də iştirak ediblər.

http://science.az/news/open/7280