XƏBƏRLƏR
3333 Arxiv

2018.01.11

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif ƏlizadəMonqolustanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan ilə görüşüb.

Akademik Akif Əlizadə qonağı salamladıqdan sonra onu yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib. AMEA rəhbəri akademiyanın yaranma tarixi və inkişafı haqqında danışıb. Ölkə rəhbərliyi tərəfindən AMEA-ya böyük diqqət və qayğı göstərildiyini deyən akademik Azərbaycanda elm və təhsilin inteqrasiyası sahəsində sistemli islahatlar aparıldığını diqqətə çatdırıb. AMEA-nın prezidenti akademiyanın elmi müəssisələri ilə MDB ölkələri, eləcə də Avropanın elmi mərkəzləri arasında elmi-tədqiqat və innovasiya sahələrində müştərək layihə və proqramların həyata keçirildiyini deyib.

Öz növbəsində, səfir Bold Ravdan səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Tərəflər arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirən diplomat AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında sıx əməkdaşlığın yaranması üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə tərəflər arasında aqrar elmlər sahəsində əməkdaşlığın inkişaf mexanizmləri və perspektivləri müzakirə edilib. Hər iki ölkənin akademiyaları arasında əməkdaşlığa dair sənədinin hazırlanması və gələcəkdə bununla bağlı görüşlər keçirməyin vacibliyi vurğulanıb.

Sonda səfir Bold Ravdan və akademik Akif Əlizadə bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak edib.

http://science.gov.az/news/open/7161