NEWS
3867 Archive

2017.08.05

Azərbaycanda ilanlarları zərərsizləşdirə bilən mütəxəssislər hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanlarların zərərsizləşdirilməsi ilə bağlı xidmətin göstərilməsi üçün xüsusi mütəxəssislərin hazırlığına yardım göstərmək məqsədilə təlimlər keçirib.

Hər il yaz-yay mövsümündə ilanların təbiətdə fəallığının artması, digər tərəfdən insanların təsərrüfat işlərinin apardığı və istirahət etdiyi ərazilərdə ilanlara rast gəlmə hallarının  intensivləşməsi ilansancma hallarının artmasına səbəb olur. Ona görə də  əhalinin təhlükəsizliyini təmin etmək üçün hər zaman ilanlara nəzarət edilməyə, insan olan ərazilərin ilanlardan təmizlənməsinə ehtiyac yaranır. Bunu nəzərə alaraq ilanlar ilə bağlı xidmətin göstərilməsi üçün bu sahədə xüsusi bacarığı  və təcrübəsi olan mütəxəssislərin olması çox vacibdir.

AMEA Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül  İsgəndərov tərəfindən “Azərsun Holding” şirkətinin sanitar epidimoloq əməkdaşlarına bu şirkətə məxsus obyektlərin  ərazilərində ilanlara qarşı təhlükəsizlik tədbirlərini yerinə yetirmək üçün serpentoloji xidmət üzrə təlim keçirilib. Təlim bir ay müddətində nəzəri və praktik hissələrdən ibarət olmaqla bir neçə mərhələdə keçirilib. Nəzəri hissədə əməkdaşlar ilanlar, onların həyat tərzi, yaşayış yerləri barədə məlumatlarla tanış olub. Əməkdaşlara ilanlara qarşı təhlükəsizlik xidmətinin mahiyyəti, növləri və icra  edilməsi qaydaları haqqında məlumat verilib, praktik məşğələlər keçirilib. 

Təlimçilər Qobustan ərazisində ilanların təbii yaşayış yerləri və antropogen (insan yaşayan yaşayış məskənlərində ilanların rast gəlindiyi yerlər) biotoplarla əyani olaraq tanış olublar. 

Bu məşğələlər Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində  davam etdirilib. Təlimin sonunda əməkdaşlar həm nəzəri biliklər, həm də praktik bacarıqlar üzrə imtahan veriblər. Müvafiq bal toplayan əməkdaşlar sertifikatlarla təltif ediliblər.