2017.07.06
AMEA Zoologiya İnstitutunun əməkdaşı AMEA-nın professoru adına layiq görüldü
AMEA Rəyasət Heyətinin iyulun 5-də olan iclasında AMEA-nın professoru üzrə seçkilər keçirilib. AMEA Zoologiya İnstitutu tərəfindən namizədliyi irəli sürülmüş Elşad Əhmədov AMEA-nın professoru seçildi.
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru, dosent Əhmədov Elşad İlyas oğlu, 1969-cu ildə Azərbaycanın Sabirabad rayonu Qaratoğay kəndində anadan olmuş, 1995-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.
E.İ.Əhmədov 1994-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi olarkən, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun protozoologiya şöbəsinin parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1995-1998-ci illərdə Zoologiya institutunun əyani aspirantı olmuşdur. 2000-ci ildə namizədlik, 2014-ci ildə 2429.01-parazitologiya ixtisası üzrə “Ev toyuqlarının eymeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birgə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2003-cü ildə dosent elmi adı almışdır.
E.İ.Əhmədovun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Şəxsi tədqiqatları nəticəsində eimeriozlar zamanı zülal mübadiləsində baş verən bəzi biokimyəvi proseslərin mahiyyəti aydınlaşdırılmış, antieymerioz preparatların effektivliyinin qiymətləndirilməsində zülal göstəricilərindən istifadə etməyi təklif etmişdir.
2008-ci ildən 2017-ci ilin fevral ayının 15-nə qədər parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiri vəzifəsində işləmişdir. E.İ.Əhmədov 2008-2016-ci illərdə AMEA Zoologiya institutunda fəaliyyət göstərən D.01.071 dissertasiya şurasını elmi katibi olmuş, 2017-ci ildə isə həmin şuranın sədri təyin edilmişdir. O, həmçinin “AMEA Zoologiya institutunun və “Azərbaycan Zooloqlar Cəmiyyəti”nin əsərlərinin redaksiya heyətinin üzvüdür.
E.İ.Əhmədov AMEA Zoologiya institutunun parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında işlədiyi müddət ərzində yerinə yetirilən 3 tematik işin (1995-2000, 2001-2005, 2006-2010) əsas icraçısı olmuş, 1 mövzu üzrə (2011-2016) aparılan iki tədqiqat işinin rəhbəri olmuşdur. Onun institutda işlədiyi müddətdə 87 elmi əsəri çapdan çıxmış və 1 patentə müəlliflik şəhadətnaməsi almışdır.
2016-cı ildən E.İ.Əhmədov AMEA Rəyasət Heyətinin qərarı ilə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
Onun rəhbərliyi altında 2 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, 2 nəfər isə fəlsəfə doktoru dissertasiyası üzərində tədqiqatlarını davam etdirir.
2007-ci ildə E.İ.Əhmədov AMEA-nın fəxri fərmanı ilə təltif edilmişdir.