NEWS
6812 Archive

2017.05.10

İlan qurbağanı «hipnoz» edir, yoxsa…

Təkcə insanlar deyil, bir çox heyvanlar da ilanı görcək, həyəcanlanır, çox qəribə davranış nümayiş etdirirlər: itlər hürüşür, toyuqlar qaqqıldayır, atlar kişnəyərək ayaqlarını yerə döyəcləyir və sair. Qurbağa isə, belə hallarda könüllü olaraq özünü «qurban verir», birbaşa ilanın ağzına atılır! Bu nədir? Yəni, qurbağa ilanı görəndə bu qədərmi «həyəcanlanır»?

Qorxu güclü hissiyatdır. İlanlara qarşı qorxu hissi isə lap güclüdür. İnsan üçün qorxu hissi başa düşüləndir. İlanın soyuq baxışını, qorxunc görünüşünü görən və haqqında indiyə qədər eşitdiyi dəhşətli şaiələri bir anlığa yadına salan insan qorxusundan yerində donub qalır. Elm aləmində bu hadisəni «akinez» adlandırırlar və hər hansı kənar təsirdən stress vəziyyətinə düşərək ani olaraq bir müddət hərəkətsiz «donub» qalmaq kimi qiymətləndirilir.

Bəs qurbağa nə üçün «qorxaraq özünü itirir»? О ki, ilanlar haqqında insan kimi düşünə bilmir! Amma bəzi heyvanlar doğrudan da, öz düşmənləri ilə qəfil qarşılaşdıqda, akinez vəziyyətinə düşür və donub qalırlar. Hətta, özlərini ölülüyə vuran və bununla da düşmənlərindən xilas ola bilən heyvanlar da vardır. Qurbağa isə, nəinki, özünü ölülüyə vurur, əksinə, ilanın ağızına atılır.

Bəlkə, doğrudan da, ilanlarda öz şikarını hipnoz etmək gücü var. İlanların hipnoz etmək qabiliyyəti barədə fikirlər bir müddət o qədər geniş yayılmışdı ki, hətta, bəzi alimlər də bir vaxtlar buna inanmış və unutmuşdular ki, hipnoz mahiyyəti etibarı ilə öz iradəsini, fikrini, əmrini digərinə təlqin etmək bacarığıdır. Bəs, ilan öz «fikrini» necə cəmləşdirir və ya «əmrini» necə formalaşdırır, qurbağaya necə təlqin edir? Əlbəttə, bu barədə düşünmək gülünc olardı.

Bəli, ilanla rastlaşanda qurbağanın bu cür davranmasının səbəbi uzun müddət sirr olaraq qalırdı. Bu davranışın sirri, yalnız 30 il bundan öncə, Amerikanın Massaçuset Texnoloji institutunun alimləri tərəfindən qurbağaların görmə qabiliyyətinin mexanizmi aydınlaşdıqdan sonra açıldı. Məlum oldu ki, səbəb qurbağanın gözlərində, onun görmə qabiliyyətindəki incəliklərdədir. Bəs qurbağa necə görür?

Əvvəllər belə qəbul olunmuşdu ki, bütün onurğalı heyvanların görmə orqanları prinsip etibarı ilə eyni cür fəaliyyət göstərir. Yəni, gözün torlu qişası xaricdən görmə siqnalını qəbul edərək dərhal və eyni vaxtda 2 istiqamətə göndərir: cavab reaksiyasını icra etmək üçün baş beyinin reflektor şöbəsinə və tanınması, qiymətləndirilməsi üçün baş beyin qabığına.

Əvvəla, məlum oldu ki, digər heyvanlardan fərqli olaraq, qurbağaların gözlərinə daxil olan siqnallar qiymətləndirmə üçün baş beyin qabığına deyil, demək olar ki, bütünlüklə (95%) baş beyinin reflektor şöbəsinə göndərilir. Ona görə də, qurbağalar gördükləri əşyanı və ya canlını qiymətləndirmədən dərhal hərəkətə keçir, dili ilə götürərək ağzına aparır. Daha doğrusu, gözlər qurbağalarda yalnız «dedektor» funksiyasını yerinə yetirir və görmə orqanlarına siqnal göndərən obyekti, həm də yemini tanımaq üçün deyil, sadəcə, «qeydə almaq» üçün lazımdır. Qurbağalar gördükləri obyekti yalnız dil vasitəsi ilə götürüb ağızına apardıqdan sonra qiymətləndirir və tanyır: lazımdırsa, yeyir, lazım deyilsə, kənara atır.

İkincisi, məlum oldu ki, qurbağalar yalnız hərəkət edən, tərpənən obyektlərdən görmə siqnallarını qəbul edə bilirlər.Əgər qidalandığı həşərat tərpənmirsə, hərəkət etmirsə, qurbağa onu görmür və buna görə də heç bir reaksiya vermir. Amma, qarşısındakı hər hansı cansız bir əşyanı, məsələn, kağız qırıntılarını, sadəcə, əsdirsəniz, tərpətsəniz, qurbağa cəld atılıb dili ilə onu götürəcəkdir. Yalnız ağzına apardıqdan sonra onun yem olmadığını tanıyacaq və geri atacaqdır.

İndi qurbağanın özünü ilanın ağzına nə üçün atması məlum oldu: yaxınlığında olan ilanın havada gəzdirdiyi və ucu haçalı dilini qurbağa öz «dedektoru» vasitəsi ilə görür, amma onun nə olduğunu hələ bilmədiyindən atılaraq götürmək istəyir. Lakin, bu «səhv» ona baha başa gəlir...

Qurbağaya «səhvini» yalnız təbiət özü anlada bilər, amma bu «səhvi» təbiət (Tanrı) özü yaratmamışmı?!

 

Biologiya üzrə fəlsəfə doktoru,

Təvəkkül İsgəndərov