NEWS
4058 Archive

2017.04.14

Akademik Məmməd Salmanov: Pambıqçılıq aqrar sahənin sərfəli, prioritet sahəsidir

Martın 28-də Saatlıda pambıqçılığın inkişafı ilə əlaqədar keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev Azərbaycanda pambığın tarixboyu ənənəvi bitki kimi becərildiyini bildirib. Son illər respublikamızda aqrar sahənin inkişafına dövlətimiz tərəfindən göstərilən qayğı, güzəştlər, əkinçiliyin mütərəqqi texniki emal vasitələri ilə təmin edilməsi, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafının vacibliyini sübut edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov söyləyib.

Akademik bildirib ki, pambıqçılıq XIV-XVII əsrlərdə ölkənin Naxçıvan, Mil, Muğan bölgələrində və qərb əyalətlərində xariclə əlaqə vasitəsi – ticarət amili, əsas əmtəə kimi becərilib. Pambıq indi də əsas texniki bitkidir və dünya toxuculuq sənayesi üçün lazım olan lifin yarıdan çoxunu təşkil edir. Pambıq istisevər, zəhmət tələb edən, işığa ehtiyacı olan və müxtəlif çeşidli məhsul verən bitkidir. Onun becərilməsi beş-altı ay çəkir, olduqca “incə”, qayğısevərdir. Eyni zamanda, pambığın kolunda nə varsa, hamısı istifadə üçün əlverişlidir. Xam pambıqdan, növ və sortundan asılı olaraq, 30-40 faiz lif alınır, hər cür parça üçün iplik, maşın təkərləri, torlar, kəmərlər hazırlanır. Pambıq çiyidindən alınan yağ, ərzaq məhsulları sənayesində geniş istifadə olunur. Bundan başqa ondan marqarin, qliserin, sabun, sürtkü yağları, stearin hazırlanır. Pambığın tullantılarından da sellüloza, spirt, lak, linoleum, karton, kino plyonkası, izolyasiya materialları kimi məhsullar alınır. Pambıq toxumunun cecəsindən (şrotdan) yeyinti zülalları, yaşıl yarpaqlarından sirkə, alma və limon turşuları almaq olur. Pambıq çiyidindən alınan jımıx süd verən heyvanlar üçün süd, yağ artıran əla keyfiyyətli yem əlavəsi sayılır. Nəhayət, pambığın quru kolu odun, kömür, solyar yağı kimi yanacaq məhsullarını əvəz edə bilir. Maraqlıdır ki, pambıqçılıq arıçılığın da inkişafına zəmin yaradır. Sübut olunub ki, bir hektar pambıq sahəsindən 270-330 kiloqram bal almaq olar.

Qeyd olunub ki, ölkəmizdə 35-40 il qabaq əkin sahələrinin 20-22 faizini pambıq bitkisi təşkil edirdisə, 800-950 min ton məhsul alınırdısa, üç il əvvəl cəmi 1,2 faiz sahədə pambıq əkilib, 35 min ton məhsul alınıb. Sevindirici haldır ki, bu il 138-140 min hektar sahədə pambıq əkiləcək və orta hesabla 270 min tondan çox məhsul istehsal olunacaq.

Akademik deyib ki, bu gün dünya bazarında pambığın alış qiymətini və hər hektar sahədən əldə edilən məhsulun miqdarını, əməklə məşğul olan insanların sayını və başqa cəhətləri pul vahidi ilə hesablasaq, aydın olar ki, pambıqçılıq aqrar sahənin sərfəli, prioritet sahəsidir. Məlumdur ki, Azərbaycanda əhalinin 40-45 faizi kənddə yaşayır. Əgər hər hektar pambıq əkilən sahədə (becərmədə), orta hesabla iki adam çalışarsa, təkcə cari ildə yarım milyonadək kəndli işlə təmin olunacaq. Bundan başqa, pambıqçılıq yüngül sənayenin bir çox ekoloji, iqtisadi baxımdan ziyansız, sərfəli sahələrinin də inkişafına, əlavə olaraq əhalinin müəyyən qisminin işlə təmin edilməsinə zəmin yaradacaq.

Bütün dövrlərdə qiymətli məhsul sayılan pambıq keçmiş sovet dövründə əsasən Orta Asiya respublikalarında və Azərbaycanda əkilib. Ötən əsrin 70-80-ci illərində keçmiş SSRİ on milyon tonadək pambıq istehsal etməklə dünyada birinci olub. Qeyd etmək lazımdır ki, pambıq 1956-cı ilədək Qərbi Azərbaycanda da əsasən azərbaycanlılar yaşayan kəndlərdə əkilib (Zəngibasar-Uluxanlı rayonu). Təsadüfi deyildir ki, hələ 1925-ci ildə Azərbaycanda əkilən kənd təsərrüfatı bitkilərindən təkcə pambığa aid xüsusi elmi-tədqiqat institutu yaradılıb. Ötən 90 ildə həmin institutda pambıqla əlaqədar elmi, tətbiqi baxımdan qiymətli, əsaslandırılan nəticələr əldə edilib. Məlumdur ki, əkinçilikdə uğur qazanmaq üçün vacib şərtlərdən biri məhsuldar, sağlam və yerli iqlim şəraitinə, torpaq tipinə müvafiq yararlı toxumun olmasıdır. Həmin institutda böyük təcrübəsi olanlardan biri, respublikanın bütün pambıq əkilən bölgələrinin imkanlarına yetərincə bələd olan və ömrünün 60 ildən çoxunu pambıq toxumlarının öyrənilməsinə, seçilməsinə, məhsuldarlığına və s. həsr edən, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Mehdi Abbasov olduqca perspektivli toxum sortları əldə edib.

Qeyd etmək lazımdır ki, nəzərdə tutulan tapşırığın həyata keçirilməsi üçün pambıqçılıqda böyük təcrübəsi olan mütəxəssislərin köməyinə də ehtiyac var.

http://bteb.science.gov.az/az/news/1205/