2020.08.21
Zoologiya İnstitutunun əməkdaşları herpetoloji tədqiqatlar aparıblar
AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova və Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova herpetofaunanın tədqiqi məqsədilə iyul və avqust aylarında respublikanın İsmayıllı, Qəbələ, Daşkəsən, Gədəbəy rayonlarında və ətraf ərazilərdə ekspedisiyada olublar.
Ekspedisiya zamanı elmi-tədqiqat planına uyğun olaraq çöl tədqiqatları aparılıb. Tədqiqatlar zamanı qeyd olunan ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən amfibi növlərindən Karelin tritonu və Qafqaz quru qurbağasının yeni yayılma nöqtələri müəyyən edilib. Tədqiqat ərazilərində həmçinin, amfibi və reptililərin bir sıra adi növləri qeydə alınıb. Rast gəlinən növlərin reproduktivlik xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.