NEWS
1570 Archive

2020.07.16

Elşad Əhmədov: Düşmən dezinformasiyalar yayaraq cəmiyyətdə ümidsizlik yaratmağa çalışır

1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu gün də davam etməkdədir. Azərbaycan xalqı 30 ildir ki, işğal olunmuş ərazilərinin sülh yolu ilə qaytarılmasını gözləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov deyib.

O bildirib ki, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında səbir nümayiş etdirməsinə baxmayaraq Ermənistan işğalçılıq siyasətini davam etdirir və tez-tez sərhədboyu ərazilərdə təxribatlar törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

İyulun 12-də Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın dövlət sərhədindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ölkəmizin Tovuz rayonu istiqamətində təxribat törədib, yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyub. Düşmən təxribatlarının qarşısı alınarkən yüksək rütbəli hərbçilər də daxil olmaqla ordumuz şəhid verib. Canları, qanları bahasına Vətənimizin bir qarış torpağını belə mənfur düşmənin əlinə verməyən şəhidlərimizin qisası Ali Baş Komandanın iradəsi və uzaqgörən siyasəti ilə tez bir zamanda alınıb.

Elşad Əhmədov qeyd edib ki, bu gün ölkəmizə qarşı həm də ciddi informasiya müharibəsi aparılır. Məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə həqiqətə uyğun olmayan yalan xəbərlər yayılır. Düşmən tərəfindən məxsusi olaraq yaradılan profillərdən müxtəlif məzmunlu və həqiqətlə əsla əlaqəsi olmayan dezinformasiyalar və şəkillər yayaraq, cəmiyyətdə ümidsizlik yaratmağa, insanlarımızın dövlətimizə, ordusuna olan inamını sarsıtmağa çalışırlar. İnformasiya müharibəsində qalib gəlmək, ön cəbhədəki əsgərlərimizə dəstək olmaq üçün biz yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı və paylaşmalıyıq.

O diqqətə çatdırıb ki, bu gün düşmənə qarşı mübarizədə xalqımız həmrəylik nümayiş etdirir. İyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək adı altında keçirilən aksiya ölkəmizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha göstərdi. Ölkəmizin ərazi bütövlüyü uğrunda hər an canlarından keçməyə hazır olan vətəndaşlarımızın bu fədakar addımı təqdirəlayiq haldır. Lakin nəzərə almaq lazımdır ki, hazırda bütün dünya pandemiya ilə mübarizə aparır və koronavirus infeksiyasının yayılma riski hələ də aktualdır. Ona görə də indiki vəziyyətdə heç bir halda yenidən kütləvi mitinqlərin təkrarlanmasına yol vermək olmaz. Məhz buna görə də əhalini ciddi karantin rejiminin tələblərinə riayət etməyə, sosial məsafəni qorumağa, qoruyucu maskalardan istifadə etməyə səsləyirik.

“Son günlərdə baş verən hadisələr xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini, hər bir addımında ona dəstək nümayiş etdirdiyini bir daha göstərdi. Allah dövlətimizin ərazi bütövlüyü uğrunda misilsiz şücaət göstərən Milli Ordumuzu qorusun!”, - deyə Elşad Əhmədov qeyd edib.

https://azertag.az/xeber/Elsad_Ahmedov_Dusmen_dezinformasiyalar_yayaraq_cemiyyetde_umidsizlik_yaratmaga_chalisir-1539023?fbclid=IwAR0A3T3Y9X6gD8aomDmdDdqcG_p1ZAwZcDIVXKsY4VpxYkj1QfLYva2aAL0